Dünya 17:36 01.03.2024

Aleksey Navalnı dəfn edildi (YENİLƏNİB)

Həbsxanada vəfat edən Aleksey Navalnı ilə bu gün vida mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, dəfn mərasimindən sonra Navalnı Moskvada Borisovskoe qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, rusiyalı müxalif siyasətçi fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki həbsxanada vəfat edib.
 
14.20

Rusiya FBK-nın direktoru İvan Jdanovun sözlərinə görə, meyitxana işçiləri dəfn mərasimi martın 1-nə planlaşdırılan Aleksey Navalnının cəsədini təhvil vermirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə Jdanov "Telegram"da yazıb.

"Qohumlar meyitxanaya səhər saat 10-da, Alekseyin cəsədini verməli olduqları vaxt gəldilər. Cəsəd hələ də buraxılmayıb. [Dəfn] cədvəli hələ dəyişməyib, lakin gecikmələr ola bilər”, - FBK direktoru yazıb.

Bu arada, Rusiyanın "Astra” "Telegram" kanalının məlumatına görə, Navalnının tərəfdarları siyasətçinin dəfnindən 2,5 saat əvvəl Moskvada "Kədərimi sakitləşdir” kilsəsinin yaxınlığında toplaşmağa başlayıblar.

Onlar müxalifətçini Moskvada Borisov qəbiristanlığında dəfn etməyi planlaşdırırlar.

Xatırladaq ki, 2024-cü il fevralın 16-da Rusiya hakimiyyəti 47 yaşlı müxalifət lideri Aleksey Navalnının Rusiya Federasiyasının Uzaq Şimalında yerləşən Yamalo-Nenets Muxtar Dairəsindəki koloniyada öldüyünü elan edib.

Ertəsi gün Navalnının ətrafı onun ölümünü təsdiqləyib. Navalnının cəsədi anasına cəmi bir həftə sonra, fevralın 24-də verilib.

Fevralın 19-da Yuliya Navalnaya ərinin "işini davam etdirəcəyini" söyləyib və tezliklə Putinin onu niyə "öldürdüyünü" izah edəcəyinə söz verib.

Fevralın 20-də Kremlin sözçüsü Dmitri Peskov dul qadın Yuliya Navalnayanın Putinin ərini öldürməsi ilə bağlı sözlərini şərh edərkən deyib ki, "bunlar tamamilə əsassız ittihamlardır”.

Siyasətçi son üç ilini həbsdə keçirib. O, 2021-ci ilin yanvarında Almaniyadan Rusiyaya qayıtdıqdan dərhal sonra saxlanılıb, 2020-ci ilin payızında Noviçok zəhərlənməsindən sonra burada müalicə olunub. The Insider, Bellingcat və CNN-in Der Spiegel-in iştirakı ilə apardığı araşdırmanın nəticələrinə görə, Navalnının zəhərlənməsində FSB Məhkəmə Ekspertizası İnstitutunun xüsusi bölməsi əsas rol oynayıb.

2021-ci ilin fevralında Rusiya məhkəməsi Navalnıya "İv Roşe işi” üzrə 3,5 il həbs cəzası verib. 2022-ci ilin martında Navalnı dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə daha 9 il müddətinə azadlıqdan məhrum edilib. Avqust ayında isə Navalnı altı "ekstremizm” maddəsi ilə xüsusi rejimli koloniyada 19 il müddətinə azadlıqdan məhrum edilib.

2023-cü ilin dekabrında Navalnı Yamalo-Nenets Muxtar Dairəsində, Arktika Dairəsinin üstündəki Xarp kəndindəki koloniyaya köçürülüb. O, "xüsusilə təhlükəli təkrar cinayət törədənlər üçün” koloniya hesab olunur və son dərəcə sərt həbs şəraiti ilə xarakterizə olunur.

Alpər