Aprelin 19-da Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatır. Bu ərəfədə R.Rzayevə sədr kimi yenidən etimad göstəriləcəyi mövzusu aktuallaşıb. Belə məlumatlar var ki, hakimiyyətdaxili qrupların hər biri bu posta öz namizədini gətirmək üçün hərəkətə keçib. Ali Məhkəmənin sədri postu bu və ya digər qrupu gücləndirə bilər deyə, tərəflərin hər biri öz namizədinin bu posta təyin olunmasında maraqlıdır.
"Yeni Musavat"a daxil olan məlumata görə, Ali Məhkəmənin sədri postuna Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevin, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynlinin, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynovun təqdimatları hazırlanıb. Hələlik sədr kimin təyin olunacağı ilə bağlı hər hansı razılaşma yoxdur.
Strateq.az yazır ki, Əli Hüseynli və Lətif Hüseynovu Qərb institutlarında peşəkar hüquqçu kimi qəbul edirlər. İman Nağıyevi isə dəyişikliklər üçün münasib fiqur saymırlar. Çünki İman Nağıyevin sədrliyi dönəmində Bakı Apelyasiya Məhkəməsi sifarişli və qanunsuz hökmlər çıxaran bir quruma çevrilib. Ramiz Rzayevi dəyişməkdə məqsəd məhkəmə sisteminin nüfuzunu qaldırmaqdırsa, bu proses İman Nağıyev tipli fiqurlarla aparıla bilməz. Ancaq şübhəsiz ki, İman Nağıyevi hakimiyyət içərisində çox nüfuzlu məmurlar, hətta oliqarxlar müdafiə edir və onun ölkə rəhbərliyinə müsbət təqdimatının verilməsi mümkündür. Buna baxmayaraq, son və qəti sözü prezident deyəcək. Bu bir həqiqətdir ki, o, belə situasiyalarda əvvəlcədən özünü irəli atan, şadyanalıq edən çoxlarını gözlənilməz qərarları ilə məyus edib. Sayt bu baxımdan İman Nağıyevin məyuslar sırasına qoşulanlardan ola biləcəyini də yazır. Vəkil Aslan İsmayılov mətbuata açıqlamasında R.Rzayevin idarəçiliyini tənqid edib, onun fəaliyyətini Ali Məhkəmənin sabiq sədri Südabə Həsənova dönəmi ilə müqayisə edib: “Ramiz Rzayevin əməllərini görəndə Südabə Həsənovanın dünyasını dəyişənlərinə rəhmət oxuyuram.
Çünki Südabə Həsənova Ramiz Rzayevin bu günə qədərki qanunsuzluqlarını etməyib. Ramiz Rzayev qədər pis işləyən ikinci bir Ali Məhkəmə sədri görməmişəm. Mənim ən çox tənqid etdiyim Südabə Həsənova olsa da, o heç vaxt Ramiz Rzayevin yol verdiyi qanun pozuntularını etməyib. Hər şey müqayisədə bəlli olur, Südabə Həsənova Ramiz Rzayevdən qat-qat ədalətli olub. Rzayevin yol verdiyi ədalətsizliklər isə olduqca çoxdur”.
Yada salaq ki, Ramiz Rzayev hazırda tutduğu posta ilk dəfə 2005-ci ilin aprelində təyinat alıb. Buna qədər o, baş prokurorun 1-ci müavini olub. Ali Məhkəmənin sədri kimi 2010-cu ilin aprelində ona yenidən etimad göstərilib.
1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olan R.Rzayevin valideynləri Naxçıvanın Nehrəm rayonundandırlar. R.Rzayev 1977-ci ildə indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Nərimanov Rayon Prokurorluğunda müstəntiq, Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, baş prokuror yanında xüsusi mühüm işlər üzrə müstəntiq, xüsusi mühüm işlər üzrə istintaq şöbəsinin böyük prokuroru vəzifələrində çalışıb. Dəvəçi və Beyləqan rayonlarının prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru olub. Prokurorluqdakı son iş yeri baş prokurorun birinci müavini olub.
Qaynar.info