Ölkə 13:15 06.02.2024

Ali Məhkəmədən yenilik

Ali Məhkəmədə ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin edilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Məhkəmə təcrübəsi üzrə yeni axtarış sistemi yaradılıb.

Qaynarinfo xəbər verir ki, yeni sistem vasitəsilə Ali Məhkəmənin Plenum qərarlarına, Kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadlarına, vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarına və kassasiya qaydasında baxılmış işlər üzrə digər məhkəmə aktlarına əlçatanlıq təmin edilib.

Aşağı instansiya məhkəmələri, o cümlədən geniş ictimaiyyət bu sistem vasitəsilə Ali Məhkəmənin bütün kollegiyalarında baxılan işlər üzrə konkret mübahisə predmetinə aid kateqoriya, alt kateqoriya və ya digər seçimlər etməklə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyini asan şəkildə öyrənə biləcəklər.

İstifadəçilər Məhkəmə təcrübəsi üzrə axtarış sistemindən istifadə etmək üçün Ali Məhkəmənin rəsmi internet saytına (www.supremecourt.gov.az) daxil olmalı, oradan Axtarış sistemi bölməsinə keçid etməlidirlər.

Ali Məhkəmədə yaradılmış məhkəmə təcrübəsi üzrə axtarış sistemi vahid məhkəmə təcrübəsinin formalaşmasına əhəmiyyətli dərəcədə kömək edəcək, eləcə də ədalət mühakiməsinin proqnozlaşdırıla bilən olmasına ciddi töhfə verəcəkdir. Bu isə son nəticədə vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edəcək.