Xəbər lenti

Alimlər barmaqların uzunluğu ilə alkoqol həvəsi arasında qeyri-adi əlaqə tapdı
Sağlamlıq 23:42 04.12.2024

Alimlər barmaqların uzunluğu ilə alkoqol həvəsi arasında qeyri-adi əlaqə tapdı

Amerika İnsan Biologiyası Jurnalında yayımlanan yeni bir araşdırma barmaq uzunluğunun insanların alkoqol qəbul etmək vərdişləri ilə qəribə bir əlaqəsini göstərib.

Qaynarinfo xəbər verir ki, tədqiqatda 258 tələbə iştirak edib, onlardan 169-u qadın olub. Nəticələr göstərib ki, adsız barmağın göstərici barmaqla müqayisədə daha uzun olması ilə yüksək alkoqol istehlakı arasında korrelyasiya mövcuddur.

Araşdırmaya görə, barmaqların uzunluq nisbəti insanın doğulmazdan əvvəl aldığı hormonal təsirlərlə müəyyən edilir. Ana bətnində daha yüksək östrojen təsirinə məruz qalan şəxslərin göstərici barmaqları adətən daha uzun olur. Testosteronun yüksək təsirinə məruz qalan şəxslərdə isə adsız barmaq daha uzun ola bilər. Bəzi insanlarda isə bu iki barmaq eyni uzunluqda olur.

Svansea Universitetinin idman, texnologiya və tibbi araşdırmalar üzrə professoru Con Menninq bildirib: "Alkoqol asılılığı olan şəxslərdə adsız barmaq, göstərici barmaqla müqayisədə daha uzun olur. Bu, doğumdan əvvəl testosteron təsirinin östrojen təsirinə nisbətən daha yüksək olduğunu göstərir. Gözlənildiyi kimi, bu əlaqə kişilər arasında qadınlara nisbətən daha güclü müşahidə edilib".

Tədqiqatçılar vurğulayıblar ki, barmaq uzunluğunun müəyyən nisbətə sahib olması bir insanın mütləq alkoqol problemi yaşayacağını ifadə etmir. Lakin bu əlaqənin aşkarlanması alkoqol istehlakının arxasında duran faktorları daha yaxşı başa düşməyə kömək edə bilər.

"Alkoqol istehlakı ciddi sosial və iqtisadi problem olaraq qalır. Buna görə də, insanların alkoqol istehlakı vərdişlərindəki fərqləri anlamaq vacibdir", deyə Con Menninq əlavə edib.

Xatırladaq ki, daha əvvəl alimlər təbiətdəki "alkoqol potensialı" ilə bağlı araşdırmalar aparıb və etanolun heyvanların davranışına təsir göstərə biləcəyini müəyyən ediblər. 

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->