Xəbər lenti

Alimlər neandertalların yox olmasının səbəbini açıqladı
Dünya 14:07 02.03.2025

Alimlər neandertalların yox olmasının səbəbini açıqladı

Beynəlxalq alimlər qrupu neandertalların yox olmasının əsas səbəbinin genetik müxtəlifliyin tədricən itməsi olduğunu təsdiqləyib. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "Nature Communications" (NatCom) jurnalında dərc edilib.

Araşdırma zamanı alimlər neandertalların fosillərində daxili qulağın forması üzərində təhlil aparıblar. Məlum olub ki, təxminən 100 min il əvvəl populyasiya kəskin şəkildə azalıb və bunun nəticəsində genetik müxtəliflik zəifləyib.

"Bizi doğulduğumuz andan formalaşan və sonradan demək olar ki, dəyişməyən daxili qulaq strukturu genetik fərqliliklərin əla göstəricisidir", deyə Binqempton Universitetinin antropoloqu Rolf Kvam izah edib.

Alimlər tədqiqat üçün Xorvatiyanın Krapina bölgəsində 130 min il əvvələ aid neandertal qalıqlarını, həmçinin 41-64 min il əvvələ aid Fransa, Belçika və İsraildəki neandertal məskənlərindən əldə edilən məlumatları təhlil ediblər. Araşdırma göstərib ki, bu dövrlər arasında genetik müxtəlifliyin əhəmiyyətli dərəcədə azalması qeydə alınıb. Bu azalma, təxminən 40 min il əvvəl neandertalların yox olması ilə üst-üstə düşür.

"Biz ilk dəfə olaraq neandertalların yox olmasından əvvəl genetik müxtəlifliyin azalmasına dair bu qədər aydın sübut əldə etdik", deyə tədqiqatın həmmüəllifi, Alkala Universitetinin antropoloqu Mersedes Konde-Valverde bildirib.

Maraqlıdır ki, Krapina bölgəsindən əldə edilən qədim qalıqlar genetik müxtəlifliyin gözlənildiyindən daha yüksək olduğunu göstərib. Bu isə əvvəllər irəli sürülən erkən genetik böhran hipotezini təkzib edir və populyasiya azalmasının daha sonralar baş verdiyini göstərir.

Gələcəkdə alimlər bu metodu dünyanın digər bölgələrindən olan fosillərə də tətbiq etməyi planlaşdırırlar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->