Amerika Ürək Assosiasiyasının (American Heart Association) dərc etdiyi yeni elmi hesabata görə, gündə beş fincana qədər süzgəcdən keçirilmiş (filtr) qəhvə istehlakı insult, 2-ci tip diabet və ürək çatışmazlığı riskini azalda bilər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu müsbət təsir qəhvənin hazırlanma üsulundan və istehlak edilən məhsulun növündən birbaşa asılıdır.
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələrinə görə, müntəzəm və normada qəhvə istehlakı hətta ürək ritm pozğunluğuna görə müalicə alan xəstələrdə də xəstəliyin yenidən yaranma riskini əhəmiyyətli dərəcədə azaldır. Bundan əlavə, qəhvə içmək vərdişinin 2-ci tip diabetin inkişaf ehtimalını da aşağı saldığı müəyyən edilib.
Filtr qəhvə daha faydalıdır
Mütəxəssislərin fikrincə, qəhvənin ürəyə faydalı təsiri onun hazırlanma üsulu ilə sıx bağlıdır. Araşdırma göstərir ki, bu müsbət təsir əsasən kağız filtrdən keçirilərək hazırlanan və ya hazır (instant) qəhvələrdə müşahidə olunur.
Fransız presi, espresso və türk qəhvəsi kimi süzülmədən hazırlanan qəhvələrdə isə qəhvə dənəsində təbii şəkildə olan kafestol maddəsi qorunub saxlanılır. Bu maddə zamanla qanda "pis" xolesterinin (LDL) səviyyəsini artıraraq damarların tutulması riskini yüksəldə bilər.
Bu səbəbdən mütəxəssislər qəhvənin faydası və mümkün zərərinin böyük ölçüdə onun hazırlanma üsulundan asılı olduğunu bildirirlər.
Enerji içkiləri təhlükə yarada bilər
Alimlər vurğulayırlar ki, təbii qəhvənin faydaları yüksək konsentrasiyalı süni kofein tərkibli məhsullara aid deyil.
Enerji içkiləri, kofein həbləri və yüksək dozalı kofein tərkibli məhsullar hətta sağlam insanlarda belə qəfil arterial təzyiq yüksəlməsinə və ürək ritminin pozulmasına səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, bu cür məhsulların həddindən artıq qəbulu həyati təhlükə yaradan ritm pozğunluqları, hətta ürəyin dayanması ilə nəticələnə bilər.
Kofeinə dözümlülük hər kəsdə fərqlidir
Araşdırmada qeyd olunur ki, kofeinin orqanizmə təsiri insandan insana dəyişir. Bunun əsas səbəbi qaraciyərdə kofeinin parçalanmasına cavabdeh olan genetik fermentlərin fərqli fəaliyyət göstərməsidir.
Bəzi insanlar gündə beş fincan qəhvəni problemsiz qəbul edə bildiyi halda, digərlərində daha az miqdarda kofein belə yuxu pozğunluqları və qan təzyiqində dəyişikliklər yarada bilər.
Mütəxəssislər ürək-damar və ya digər xroniki xəstəlikləri olan şəxslərə gündəlik kofein qəbulunun miqdarını mütləq həkimlə məsləhətləşərək müəyyən etməyi tövsiyə edirlər.
Günay
Şərhlər