Almaniyanın maliyyə naziri Kristian Lindner 2028-ci ildən müdafiə xərclərinə 9 milyard avroya qədər əlavə vəsait ayırma imkanını görür. Xüsusilə də əgər Berlin borc səviyyəsini azalda bilərsə.
Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər
verir.
Onun sözlərinə görə, Almaniya borcunu ümumi daxili məhsulun 60%-i səviyyəsinə (Aİ səviyyəsi) endirsə, əlavə vəsait ayrıla bilər.
"Əgər biz bu həddən aşağı düşsək, o zaman 2028-ci ilə planlaşdırılan koronavirus borcunun ödənilməsi yenidən müzakirə oluna bilər”, - nazir deyib.
Almaniya hökuməti koronavirus pandemiyası və Ukraynadakı müharibə ilə əlaqədar 2020, 2021 və 2022-ci illərdə təxminən 300 milyard avro dəyərində təcili kreditlər götürüb.
Lindnerin sözlərinə görə, Almaniya büdcəsinə 2028-ci ildən başlayaraq ildə doqquz milyard avro borcun ödənilməsi üçün vəsait daxildir.
"Lakin o vaxta qədər borc səviyyələrində pandemiyanın yükü artıq aradan qaldırılsa, ödənişlər əhəmiyyətli dərəcədə azaldıla bilər. Bu, Bundesver üçün xüsusi proqram başa çatdıqdan sonra federal büdcədə NATO məqsədinə çatmaqda bizə kömək etmək üçün milyardlarla vəsaiti azad edərdi", - Lindner vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzündən sonra Almaniya qabaqcıl silahların alınması üçün 100 milyard avroluq xüsusi fond yaradıb. O, həmçinin NATO-nun ÜDM-in ən azı 2%-ni müdafiəyə xərcləmək məqsədini yerinə yetirməyi öhdəsinə götürüb.
Nizami Bağırov