Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 27 dekabr 2022-ci il tarixində cari ilin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib. Matc.az xəbər verir ki, tədbirdə AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanda da ədalət, şəffaflıq və bərabərlik əsas prinsipinə böyük önəm verilir.
2016-cı ildə prezident İlham Əliyevin fərmanı ilə AMADA-nın yaradılması dövlətin bu prinsiplərə və təmiz idman dəyərlərinə verdiyi əhəmiyyətin təzahürüdür. Məhz bu yanaşmanın nəticəsidir ki Azərbaycan dünyada təmiz idman dəyərlərinə sadiq bir ölkə kimi tanınır.
Şəfəq Hüseynli deyib ki, AMADA fəaliyyət göstərdiyi 6 il ərzində ölkədə effektiv dopinq nəzarətini təmin etməklə yanaşı, beynəlxalq antidopinq prosesinə də töhfələr verməklə qabaqcıl milli antidopinq təşkilatlarından birinə çevrilib.
Şəfəq Hüseynli cari ildə görülən işlərdən də danışıb və bir sıra statistik rəqəmləri açıqlayıb. 2022-ci il ərzində idmançılardan ümumilikdə 1456 test götürülüb. Bunlardan 770 yarış müddətində 686-i isə yarışdan kənar müddətdə götürülüb.
2022-ci il ərzində 7 antidopinq qayda pozuntusu üzrə artıq sanksiya qərarı qəbul edilib. Belə ki boks idman növündə 2, ağır atletika idman növündə 2, güləş, karate və kikboksinq idman növlərinin hər birində isə 1 antidopinq qayda pozuntusu ilə bağlı sanksiya qərarı verilib.
Antidopinq qayda pozuntularının aşkarlanmasında aparılan təhqiqatların böyük rolu var. AMADA-nın Təhiqqat şöbəsi bu il 382 məsələ haqqında araşdırma aparıb. Bunlardan 28-i antidopinq qayda pozuntusu üzrə təhqiqat, 43-ü məkan məlumatı xətası üzrə təhqiqat, 272-i dopinq nəzarəti protokolu üzrə yoxlamalar, 16-sı ifşa etmə məlumatları, 23-ü isə hədəfli testlər əsasında olub.
Şəfəq Hüseynli bildirib ki, dopinqlə mübarizədə dopinq vasitələrinin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə xüsusi olaraq hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edilir. Belə ki, il ərzində Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşları ilə dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə mübarizəyə həsr olunmuş işçi görüşlər olub.
AMADA-nın direktoru bildirib ki, 2022-ci il antidopinq maarifləndirmə tədbirləri baxımından da zəngin olub. İl ərzində ümumilikdə 4500 nəfəri əhatə edən 47 maarifləndirmə seminarı, 10 vebinar, 12 kütləvi təşviqat tədbiri, 20 tədbir keçirilib. Bu il təkcə Gənclər və İdman Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Yardımlı, Lerik, Cəlilabad, Masallı, Lənkəran, Astara, Gəncə, Şəmkir, Tovuz, Göygöl, Yevlax və Goranboy rayonlarında silsilə maarifləndirmə tədbirləri keçirilib. Hansı ki bu tədbirlərdə 1300-dən artıq idmançı, məşqçi, həkim, və idman müəllimləri iştirak edib.
Beynəlxalq səviyyədə görülən işlərdən və əldə olunan uğurlardan da danışan Şəfəq Hüseynli bildirib ki, AMADA təmiz idmanın təşviqi məqsədilə beynəlxalq arenada fəal iştirak edir. AMADA Azərbaycanın Nümayəndə heyəti qismində Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupunda (T-DO), Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi üzrə Xüsusi Avropa Komitəsi (CAHAMA) və YUNESKO-nun Tərəflərin Konfransı və regional məsləhətləşmələrdə ölkəmizi təmsil edir. AMADA-nın təşəbbüsü ilə Avropa Şurası çərçivəsində bir sıra layihələr icra olunur.
AMADA-nın beynəlxalq səviyyədə həyata keçirdiyi layihələrdən biri antidopinq icraatı zamanı idmançıların hüquqlarının təminatı ilə bağlı layihəsi artıq uğurla yekunlaşıb. Digər beynəlxalq layihə antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi layihəsinin icrası da davam edir. Layihənin həyata keçirilməsinə dəstək məqsədi ilə Avropa Şurası tərəfindən AMADA-nın sədrlik etdiyi Gender Bərabərliyi üzrə Xüsusi Komitə də yaradılıb.
Şəfəq Hüseynli deyib ki, AMADA-nın qabaqcıl antidopinq təşkilatlarından birinə çevrilməsinin digər bir nümunəsi isə iyun ayında Lozan şəhərində beynəlxalq səviyyədə antidopinq sahəsinin aparıcı təşkilatlarının - Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) Baş Assambleyası sessiyası və Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) illik simpoziumu idi. Belə ki, iNADO-nun Baş Assambleyası çərçivəsində inkişaf etmiş milli antidopinq təşkilatlarının qapalı görüşünə dəvət alan azsaylı milli antidopinq təşkilatlarından biri də məhz Azərbaycanın milli antidopinq təşkilatı - AMADA idi. Bu iclaslarda dünyanın yalnız qabaqcıl təcrübəyə malik cəmi 15 milli antidopinq təşkilatı iştirak edib ki, onlardan biri də AMADA olub.
Bunadan əlavə Azərbaycana dövlətlərin Avropa Şurasının Antidopinq Konvensiyasına uyğunluğunun monitorinqinin aparılmasında da böyük etimad var. Belə ki, bu il Azərbaycan nümayəndəsi olaraq Şəfəq Hüseynli Portuqaliyanın və AMADA-nın əməkdaşı İrlandiyanın Konvensiyaya uyğunluğunun qiymətləndirilməsi məqsədi yaradılan monitorinq qruplarında ekspert qismində təmsil olunub.
Şəfəq Hüseynli deyib ki, bu il AMADA üçün beynəlxalq səviyyədə uğurlardan biri də Pekin 2022 Qış Paralimpiya Oyunlarında Antidopinq Proqramı üzrə ÜADA-nın Müstəqil Müşahidəçi Qrupuna rəhbərliyin ilk dəfə Azərbaycan nümayəndəsinə həvalə edilməsi idi.
Mətbuat konfransında AMADA-nın beynəlxalq və yerli səviyyədə əməkdaşlıqları, həyata keçirilən layihələr, ictimai və sosial məsuliyyət tədbirləri haqqında ətraflı məlumat verilib. Sonda isə mətbuat nümayəndələrinin sualları cavablandırılıb.
Şərhlər