Amnistiyaya düşmüş məhbus dindar Mehdi Şamilli hələ ki, azadlığa buraxılmayıb.
Onun vəkili Cavad Cavadlı “Media forum” saytına bildirib ki, Mehdi Şamillinin azad olunması qəsdən ləngidilir: “Onun saxlandığı 11 saylı Cəzaçəkmə Müəssisəsindən amnistiyaya düşənlər artıq azadlığa çıxıblar. Bizdə olan məlumata görə, cəzaçəkmə müəssisəsi Mehdi Şamillinin əvvəllər amnistiyaya düşüb-düşməməsi ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu göndərib. Mehdi Şamilli əvvəllər amnistiyaya düşməyib, lakin belə bir sorğunun göndərilməsi göstərir ki, onu həbsdən buraxmaq istəmirlər”.
Mehdi Şamilli ötən il avqustun 6-da Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Mayın 7-də Milli Məclisdə qəbul olunmuş amnistiya aktı layihəsində Mehdi Şamillinin məhkum olunduğu 234.1-ci maddəyə məhdudiyyət qoyulmayıb. Bundan əlavə cəzasının bir ilədək müddətini çəkməsi və öhdəsində iki azyaşlı uşağın olması onun amnistiyaya düşməsini mümkün edib.
Qaynar.info