
Bu gün Nəsimi Rayon Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.
Məlumatı Qaynar.info-ya Anar Məmmədlinin vəkili Elçin Sadıqov verib. Elçin Sadıqov bildirib ki, prosesə hakim Rəşid Səmədov sədrlik edib: “Vəsatətimiz təmin olunmadı. Bu qərardan apellyasiya şikayəti verəcəyik”.
Xatırladaq ki, Anar Məmmədli dekabrın 17-də həbs olunub. Baş Prokurorluq A.Məmmədlinin sədri olduğu təşkilata oktyabrın 29-da cinayət işi açıb. İlkin ittiham qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq idi. Daha sonra Anar Məmmədli vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendum nəticələrini saxtalaşdırmaqda da suçlanıb.
Bir sıra beynəlxalq qurumlar isə Anar Məmmədlinin həbsini siyasi sayır, onu dərhal azad etməyə çağırır. "Amnesty İnternational" Anar Məmmədlini vicdan məhbusu elan edib.
ElkinXəlilov
Qaynar.info