Rusiya mətbuatının yazdığına görə, Astana şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutan görüşdə Kreml sahibi türkiyəli həmkarına daha sıx əməkdaşlıq etməyi və iki ölkə arasında münasibətləri dərinləşdirməyi təklif edib.
"Türkiyə maraqlı olsa, biz yeni qaz kəməri sisteminin və qaz qovşağının yaradılması imkanını nəzərdən keçirə bilərik”, deyə Putin əlavə edib. O bildirib ki, yeni qovşaq təkcə tədarüklər üçün deyil, həm də qiyməti müəyyən etmək üçün platforma ola bilər.
Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, hazırda yalnız "Türk axını”nı Avropaya yeganə alternativ qaz mənbəyidir:
"Hər iki "Şimal axını” kəmərlərinin tamamilə sıradan çıxması gələcəkdə Rusiyanın Avropa bazarına qaz çıxarması ehtimalını aşağı salıb. Alternativ olaraq yalnız Ukrayna və Belarus-Polşa üzərindən keçən kəmərlər qalıb. Polşadan keçən kəmər də aylar öncə bloklanıb. Ukraynadan keçən kəmər isə daim atəş altındadır. Onun da gələcəkdə ciddi problemlərlə qarşılaşacağını indidən söyləmək mümkündür. Rusiya qazının Avropaya çatdırılmasında Qara dənizin dibindən keçərək Türkiyəyə çatan "Türk axını” yeganə alternativ mənbə kimi qalır”.
Ekspert bildirir ki, yeganə alternativ mənbə olmaqla "Türk axını” həm də Türkiyə üçün böyük imkanlar yaradır:
"Ona görə təklif Ankara üçün də kifayət qədər cəlbedicidir. Çünki Avropa istəməsə də hələ bir müddət Rusiya qazından asılı vəziyyətdə qalmağa məhkumdur. Bunu özləri də etiraf edir. Ən azından 2028-2030-cu ilə qədər rus qazından tam imtina etmək mümkün deyil. Başqa alternativlər o həcmi tam yerinə yetirməyə imkan vermir. Qətər və BƏƏ-dən qaz almağa isə zaman və böyük infrastruktur yatırımları lazımdır”.
Niderlandda olduğu kimi, Türkiyədə də yeni qaz birjasının yaradılması və qiymətlərin burada müəyyənləşdirilməsi Ankaraya da sərf edir: "Bu mümkündür”.
Həmsöhbətimizin fikrincə, Avropa Birliyi buna tam açıq dəstək verməsə də, ümumilikdə proses Avropaya da sərf edən məsələdir:
"Ən azından onlar "Türk axını” vasitəsilə əlavə olaraq 25-30 milyard kubmetr qaz ala bilərlər. Bu isə Avropanın düşdüyü enerji böhranından çıxmasına kifayət qədər ciddi dəstək ola bilər. Bu mənada, enerji sahəsində həm Türkiyə, həm Rusiyaya, həm də dəstək bəyanatı olmasa da, Avropaya da sərf edən yeni bir əməkdaşlıq mödelinin qurulması mümkündür”.
Rüfət Sultan