Dünya 15:02 26.11.2022

Antalya sakinləri: Əcnəbilərə mənzil satışı və kirayəsi qadağan olunsun!

Türkiyənin Antalya şəhərinin sakinləri xaricilərə mənzil satışı və kirayəsinə qadağa qoyulmasını tələb edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes Russia” məlumat yayıb.

Nəşr qeyd edir ki, müvafiq petisiya "Change.org” platformasında yer alıb. Petisiya iki gün (cümə axşamı və cümə) ərzində artıq 9486 imza toplayıb. Müraciət müəllifləri əcnəbilərin axını səbəbindən son iki ildə daşınmaz əmlakın qiymətinin 395% artmasından, Türkiyə vətəndaşlarının orta gəlirlərini üstələməsindən şikayətlənirlər. Müraciətdə deyilir ki, kirayə qiymətlərinin sürətlə artması daşınmaz əmlak böhranına və demoqrafik dəyişikliklərə səbəb olub. Bildirilir ki, Antalya əhalisinin artıq 25%-i hazırda əcnəbidir.

Onlar həmçinin iddia edirlər ki, Rusiya və Ukrayna rieltorları daşınmaz əmlak bazarına sabitliyi pozur: "İmmiqrasiya dalğası fonunda Antalyada qeydiyyatsız daşınmaz əmlak bazarında iştirak edən ukraynalıların və rusların sayı 10 minə çatıb. Bu insanlar yüzlərlə insandan ibarət öz "WhatsApp" qruplarını yaradaraq, bazarı pozmağa davam edirlər. Təcrübələri yoxdur, amma tez bir zamanda Antalya daşınmaz əmlak bazarına nəzarət etməyə başlayıblar. Bizi qəbul etmədikləri üçün bu qruplara daxil ola bilmirik”.

Ukrayna və Rusiya rieltorlarının daşınmaz əmlak bazarında vəziyyəti dəyişdirdiyini Türkiyənin "Hurriyet Daily News" nəşri də yazıb. Onların fikrincə, onsuz da artan mənzil qiymətlərini məhz onlar şişirdirlər və bu, artıq kəmiyyət etibarilə lisenziyalı türk agentləri üstələyir.

"Bu şəhər bizimdir! Biz hər kəsin yaşamaq istədiyi bu şəhəri itirməməliyik”, deyə "Change.org” platformasında yerləşdirilən petisiyasının sonunda deyilir.

Dünən "Skolkovo Realty” agentliyi bildirib ki, Türkiyədə yaşayış icazəsi üçün müraciət etməyə imkan verən mənzilə tələbat 2022-ci ilin oktyabrında 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 24 dəfə (+2279,41%) və əvvəlki illə müqayisədə təxminən 40 dəfə (3871,24%) çox olub. 
"Skolkovo Realty” yerli hakimiyyət orqanlarına istinadən iddia edir ki, ilin əvvəlindən indiyədək müxtəlif ölkələrdən təxminən 11 milyon insan hava yolu ilə Antalyaya gəlib. Eyni zamanda bu şəhərə hər gün 15-20 min rusiyalı gəlir.

Nizami Bağırov