"İnternet dövründə yaşayırıq. Kim harda, necə çıxış edirsə, o saat ictimailəşir. Məclislərdə yaşanan neqativ hallar meyxana janrının üzərinə bir kölgə salır”.
Bunu Qaynarinfo-ya açıqlamasında meyxana ifaçısı Namiq Məna Aşıq Əlinin meyxanaçıları tənqid etməsinə aydınlıq gətirərkən deyib. Meyxanaçı Aşığın bu fikirlərinin sənətin inkişafında bir təkan olduğunu hesab edir:
"Onun sözündə müəyyən qədər həqiqət var. Ürəyi yandığından bu fikirləri söyləyib. Çünki aşıq janrı ilə bədihə janrı çox qohumdur. Bizim janrda müəyyən çatışmazlıqlar var ki, onların üzərində işlənməlidir. Ona görə düşünürəm ki, hər bir adam bu janr haqqında fikirlərini söyləyəndə janrın inkişafı haqqında təkliflərini verməlidir. Bu, daha doğru olar. Məsələn, nəyi necə edək? Qaldı ki, bu janrın daşıyıcılarının musiqili ifalarına, onlar qəbul olunandır”.
Namiq Mənanın fikrincə, efir məkanlarına elə adamlar dəvət olunmalıdır ki, onlar efirə daha da yararlı olsun:
"Belə olanda bu sənət inkişafa doğru gedəcək. Bu, analoqu olmayan janrdır. Dünyada buna qonşu olan janrlar var. Məsələn, rep və aşıq janrının özü. Bu janrın daşıyıcıları arasında vərdişkarları var. Biri var istedad, biri də var fitri-istedad. Fitri istedadlı gənclərimiz var. Biz də bu janrı öz yaşıdlarımız arasında qorumuşuq. Mən bu janrla Amerikaya qədər gedib çıxmışam. Vaxti ilə bu janr qadağalara məruz qalıb. Konsert vermək çətin idi. Sonra xalqın tələbi ilə bu janra geniş imkan verildi. Bizim dövlət tədbirlərində, Prezident qarşısında çıxışlarımız olub. Novruz bayramında keçirilən tədbirlərdə gözəl meyxanala deyilib. Ağasəlim Çıldaq "Şöhrət” ordeni, mən özüm "Tərəqqi” medalı ilə təltif olunmuşuq”.
Namiq Məna bildirib ki, meyxana janrının içərisində həm də musiqi var:
"Bu musiqi də hansısa bir muğamın üzərinə düşür. Peşəkar muğam oxuyan deyiləm, amma arada ürəyimə düşəndə balaca bir muğam oxuyuram. Eyni zamanda vokal da oxuyuram. Amma bu janrın daşıyıcılarının musiqili ifa etmələri qəbahət deyil”.
Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasovun Qaynarinfo-ya açıqlamasında bildirib ki, xanəndələr şikəstələri hardan gəldi deyil, mədəni hala salıb oxuyublar:
"Söhbətin nədən getdiyini bilmirəm. Yəni, kişi xanəndə "Kəsmə şikəstə” oxumasın? Əgər Aşıq Əli bunu həmin mənada deyirsə, onsuz da kişi xanəndələr bu şikəstəni özlərinə yaraşdırıb oxumur. Bunu əsasən qadınlar oxuyur. Bu şikəstənin ən gözəl ifaçıları qadınlardır. Amma kişilər də hərdən oxuyub. Şikəstələr aşıq yaradıcılığından, xanəndə yaradıcılığına gəlib. Xalq mahnılarının 99 faizi aşıq yaradıcılığından gəlmədir. Amma xanəndələr həmin şikəstələri normal hala salıb, təmizləyib, mədəni hala salıb və sonra elmi sürətdə oxuyablar. Hardan gəldi oxumayıblar. Aşıqlar öz kökündən deyil, hardan istəyirlər ordan oxuyurlar”.
"Kəsmə şikəstə”nin ifaçılarından olan xanəndə Səbinə Ərəbli sözügedən şikəstənin həm aşıqların, həm də xanəndələrin ifasında gözəl alındığını vurğulayıb.
Qeyd edək ki, Aşıq Əli Tapdıqoğlu meyxanaçıları tənqid edib. O, meyxanaçıların muğam oxumasını biabırçılıq adlandırıb:
"İndi meyxana tam meyxana deyil, mahnı oxumaqdır. Biabırçılıq harasındadır: tanınmış xanəndələr oturub, meyxana deyən muğam oxuyur. Mənim yanımda meyxana deyən muğam oxuya bilməz”.
Bundan əlavə Aşıq Əli xanəndələrə də söz atıb:
"Bir müddət xanəndələr aşıq olan yerdə şikəstə oxuyub. Şikəstələr aşıqlara aiddir".
Bahar Rüstəmli