
"Sosial mediada şəkilləri ilə məşhurlaşan və duruşu ilə seçilən 19 yaşlı topçu əsgər Vüsal Şahkərimov iki bacının bir qardaşıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında Xaçmaz rayon Qusarçay kənd orta məktəbinin direktor əvəzi İbrahim İbrahimov deyib. Direktor bildirib ki, Vüsal Şahkərimov orta məktəbdə davranışı ilə bütün şagirdlərdən seçilirdi:
"Məkətəbə sinif yoldaşlarına münasibəti tam fərqli idi, qeyri-adiliyi vardi. Hərbi dərslərdə ən aktiv şagird idi. Sinif yoldaşlarının da marağını məhz hərbiyə yönəldirdi. Hamı telefonla maraqlanırdı, Vüsal isə hərbi dərslərlə... Boş vaxtlarını məktəbin həyətində idman qurğularında keçirirdi. Tədbirlərdə vətənpərvər şeirlər deyirdi".
İbrahim müəllim deyir ki, Vüsalın ata-anası da torpaqla dolanan adamlardır:
"Ailənin tək gəliri torpaqdır. Yanvar ayında əsgərlikdən qayıdacaq. Hazırda onunla bağlı çəkilişlər olub. Babasına deyiblər ki, qələbədən sonra Vüsalı 10 günlük Türkiyəyə istirahətə aparacaqlar".
İbrahim müəllim onu da qeyd etdi ki, Vüsal ali məktəbə girmək istəyib, ancaq ailənin maddi durumu çətin olduğundan onun arzusu hələlik ürəyində qalıb:
"İmtahan verdi, ödənişli təhsilə düşdü. Ona da ailənin imkanı olmadı. Bu üzdən ali təhsil ala bilməyib. Mən onun riyaziyyat müəllimi olmuşam. Şəkildən onun necə dərs aldığı da hiss olunur. Əməyim boşa getməyib".
Bahar Rüstəmli