Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında 82 kq çəki dərəcəsində yarışan və qızıl medalı boynundan asan yunan-Roma güləşçimiz Rafiq Hüseynov şəxsi instaqram səhifəsində diqətçəkən açıqlama verib.
Qaynarinfo-nun məlumatına görə o, vaxtilə səriştəsiz və savadsız məşqçilərə görə çox illərini boşa verdiyini yazıb: "Təəssüf ki, 2000-ci illərdən 2018-ci ilədək bir-birindən səriştəsiz və savadsız məşqçilər ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm. Heç fikirləşməzdim ki, bu yaşlarda adım tarixdə qalacaq və tarix yazan Azərbaycan güləşçiləri sırasına düşəcəyəm. Buna görə Allaha şükür edib qələbəmi müqəddəs Ramazan ayında bütün dünya müsəlmanlarına həsr edirəm. Hamınıza mənə azarkeşlik etdiyiniz üçün təşəkkürümü bildirirəm".
Yunan -Roma güləşi üzrə Azərbaycan yığması Avropa çempionatını 2 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub. Milli komanda üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb. Bu nəticə ilə milli komanda ümumi hesabda çempion olub.
Səbuhi Həsənov