Xəbər lenti

Avropa Ədalət Məhkəməsi hicabın qadağasına icazə verdi
Dünya18:20 15.03.2017

Avropa Ədalət Məhkəməsi hicabın qadağasına icazə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"The Guardian" yazır ki, iş yerlərində dini rəmzlərin geyinilməsinin qadağan edilməsi barədə Avropa İttifaqının ali məhkəməsi tərəfindən verilmiş hökm qitədəki sağ təmayüllü siyasətçiləri və partiyaları sevindirib.

Bir çoxları bu qənaətdədirlər ki, bütün dini rəmzlərə aid olsa da, bu hökm geniş şəkildə müsəlman qadınların baş örtüyündən istifadəsini əngəlləyəcək.

Beləliklə, Lüksemburqdakı Ədliyyə Məhkəməsi ilk dəfə olaraq hicab və niqabın Avropa İttifaqı boyunca iş yerlərində qadağan edilməsinə xeyir-dua verib.

Bununla belə, şirkətlər işçilərindən baş örtüyünü çıxarmağı yalnız o halda tələb edə bilərlər ki, bunu qadağan edən daxili qaydaları olsun.

"The Guardian" yazır ki, məhkəmənin qərarı Hollandiyada keçiriləcək parlament seçkilərinin ərəfəsinə təsadüf edib. Bu seçkidə müsəlman miqrasiyası məsələsi bütün kəskinliyi ilə qabardılır.

Fransada da növbəti prezident seçkisi ərəfəsində sağ təmayüllü partiyalar bu məhkəmə hökmündən faydalanmağa çalışırlar.

Məsələn Fransada İslamın yerinə dair sərt mövqe tutan namizəd François Fillon Avropa Ədalət Məhkəməsinin qərarını alqışlayıb.

Özü hazırda ictimai fondlardan şəxsi məqsədlərlə istifadədə şübhəli bilinən və araşdırma altında olan Fillon deyib ki, iş yerlərində hicabın qadağanı minlərlə şirkət və onların işçilərinin ürəyindən olub.

Milli Cəbhəni dəstəkləyən millət vəkili Gilbert Collard deyib ki, bu məhkəmə hökmü sağ təmayülün cəmiyyət tərəfindən qəbulunun təsdiqi olub.

"Hətta Avropa Ədalət Məhkəməsi də Marine Le Pen-i dəstəkləyib" - yazıb Tvitterdə siyasətçi.

Almaniyada sağ təmayüllü populist Alternative für Deutschland (AfD) partiyasının Berlin lideri Georg Pazderski bildirib ki, "Avropa Məhkəməsi xüsusilə də Almaniya üçün düzgün mesaj verib".

"Əlbəttə ki, şirkətlərə baş örtüklərini qadağan etmək hüququ verilməliydi" deyib siyasətçi.

Əslində Avropa Ədalət Məhkəməsinin sözü gedən hökmü Fransa və Belçikadan olan iki qadının iddiası üzrə çıxarılıb. Bu müsəlman qadınlar onlardan baş örtüklərini çıxarmağı tələb etmiş şirkətlərdən şikayət etmişdilər.

Bu məhkəmə hökmü ilə şirkətlərə öz işçilərinə "gözə dəyən dini, siyasi və fəlsəfi rəmzlərin iş yerində geyinilməsini qadağan etmək icazəsi" verir.

Hökmdə deyilir ki, şirkətlərin dini rəmzləri qadağan etməsi özlüyündə birbaşa ayrıseçkiçilik vəziyyəti yaratmır.

Şikayətçi qadınlardan biri Belçikanın G4S şirkətində resepsyonçu idi və həmin şirkətdə üç il işlədikdən sonra hicablanmaq qərarına gəlmişdi. Bununla əlaqədar qadın 2006-cı ildə işdən çıxarılmışdı. Şirkət bildirmişdi ki, Samira Achbita onun "yazılmamış qaydalarını" pozub.

İkinci qadın, Asma Boqnaui Micropole İT konsaltinq firmasındakı dizayner vəzifəsindən ona görə uzaqlaşdırılmışdı ki, müştərilər onun baş örtüyündən şikayət etmişdilər.

Almaniyanın Süddeutsche Zeitung qəzeti yazır ki, Avropa Məhkəməsinin bu qərarı Almaniya məhkəmələrinin belə işlər üzrə gələcək qərarlarını birbaşa təsirləndirəcək.

Bununla belə, ekspertlər bildirirlər ki, hökm məhz hansı dini simvolların qadağan edilə biləcəyini aydın təsvir etməyib.

Bundan baqa ekspertlər bildirirlər ki, Avropa Ədalət Məhkəməsinin hökmü Avropa İttifaqının başqa bir məhkəmə instansiyasının - Avropa İnsan Haqları Məhkəməsinin prinsiplərinə ziddir. AİHM-in prinsiplərinə görə dini rəmzlər din azadlığının forması kimi qəbul edilməlidir.

700 yəhudi lideri birləşdirən Avropa Yəhudi Rahibləri Konfransı bildirib ki, bu məhkəmə hökmü dindar adamalara qarşı əvvəlcədən xürafat və ayrıseçkilik atmosferi yaradır.

Müsəlman təşkilatları isə deyirlər ki, qadağan ilk növbədə Avropanın müsəlman vətəndaşlarına şamil ediləcək (BBC).

Qaynar.Az