
Amerikalı analitik Avropa ölkələrinin zəif nöqtələrindən danışıb
Xəbər verildiyi kimi, Azərbaycandan Qərbi Avropaya qaz kəmərinin çəkilişini planaşdıran konsorsium bahalı “Nabukko”dan imtina edərək, daha sadə varianta – Trans-Adriatik qaz kəmərinə (TAP) üstünlük verib. Yekun qərarın qəbulu zamanı hansı amillərin üstün tutulduğu bilinməsə də, analitiklər öz mülahizələrini irəli sürməkdədir. “Niyə məhz TAP?” sualına birmənalı cavab vermək mümkün olmasa da, ekspertlər hesab edir ki, “Nabukko”dan imtinanın arxasında təkcə onun bahalılığı deyil, həm də digər məsələlər dayanıb.
ABŞ-ın “Heritage Foundation” təşkilatının analitiki Ariel Koenin fikrincə, avropalılar lazımi qaydada “Nabukko” layihəsini planlaşdıra bilməyiblər. Onun dediklərinə inansaq, “Nabukko”dan imtinanın səbəblərindən biri bürokratik əngəllər olub: “İş ondadır ki, hazırda əksər ölkələrin milli qaz şirkətləri müəssisələr kimi deyil, daha çox dövlət bürokratik aparatları kimi idarə olunur. Ona görə də planlaşdırma və icra, maliyyə resurslarının mövcudluğu baxımdan avropalılar uzağa gedə bilməyib”.
Bununla yanaşı Koen hesab edir ki, daha az məsafəli qaz kəmərinin inşası haqda qərar böyük nailiyyətdir, xüsusən də Azərbaycan üçün. “Ona görə ki, bu, Rusiyanın nəzarət etmədiyi və postsovet məkanından çəkilən ilk qaz kəməri olacaq. Avropa üçün bu, Xəzər regionu və Rusiyanın nəzarətində olmayan digər bölgələrdən qaz nəql etmək üçün presedent və model ola bilər ”, - deyə tanınmış analitik vurğulayıb./anspress/