Xəbər lenti

Avropanın Gənclər Paytaxtı - Gəncə! - Elkin Xəlilova cavab
Ölkə12:10 27.11.2013

Avropanın Gənclər Paytaxtı - Gəncə! - Elkin Xəlilova cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün gənc yazar Elkin Xəlilovun Qaynar.info-da "Gənclər həbsxanasında gənclər şəhəri" adlı köşə yazısı dərc olunub. 

O, yazısında bir sıra mətləblərə toxunaraq qeyd edib: "Bu günlərdə belə bir xəbər oxudum: "Gəncə şəhəri Avropanın Gənclər Paytaxtı seçilib. Belə baxanda sevindirci xəbərdir. Ölkəmizin tarixi bir şəhəri Avropanın gənclər şəhəri elan edilir. Ən azı ona görə ki, Avropada ölkəmizi tanımayan bir-iki adamın bundan xəbəri olacaq. Bunun xeyri var, nəinki, ziyanı. İstəyirsən sevinəsən, ortaya bir şeylər çıxır. Amma, ancaq, lakin... 

Kürdəxanı türməsi gənclər həbsxanası ikən, Gəncə Avropanın Gənclər Paytaxı olsun. Bax bunlara görə sevinmək olmur. Bacarmırsan, içdən gəlmir sevinmək! Hər dəfə balaca kamerada günahsız yerə saxlanılan o gənclər gəlir gözlərinin önünə. Ağrıdır adamı! Başa düşürsüz, ağrıdır". 

Bu gün Gəncədəki oxucularımızdan Səbinə Sadıxova Elkin Xəlilovun fikirləri ilə razılaşmayaraq cavab yazısı yazıb. 

Həmin yazını olduğu kimi təqdim edirik: 

"Hörmətli Qaynar.info xəbər portalı!

Bu gün sizin saytınızda Elkin Xəlilov adlı gəncin məqaləsini oxudum. Gəncənin Avropa Gənclər paytaxtı adını almaq üçün çalışan, gecə-gündüz əziyyət çəkən bir gənc olaraq ona cavab verməliyəm.

Hörmətli Elkin bəy! 

Nəzərinizə çatdırım ki, Gəncə şəhəri 2016-cı ilin Avropa gənclər paytaxtı adını qazanmaq üçün namizədliyi qəbul edilmiş 12 şəhər sırasından seçilmiş 5 şəhərlə Badajoz (İspaniya), Qalvey (İrlandiya), Laquna (İspaniya), Varna (Bolqarıstan),Vilnüs (Litva) final mərhələsində mübarizə apardı.  

Avropa Gənclər Foumunun, Avropa Şurasının, Avropa İttifaqının, bir sıra beynəlxalq qurumların, Rumıniya Milli Şurasının və Kluj Napoka bələdiyyəsinin nümayəndələrindən təşkil olunmuş münsiflər tərəfindən Gəncə şəhəri 2016-cı ilin Avropa gənclər paytaxtı seçildi. 

Ona görə seçildi ki, Demokratik ölkənin azad gəncləri rahat şəkildə Avropaya inteqrasiya edə bilir, rahat şəkildə Avropada, dünyanin istənilən nöqtəsində təhsil ala bilir və s. Biz həmin gənclərik ki, bu ölkənin mənafeyi naminə çalışmağı qarşımıza məqsəd qoymuşuq və çalışırıq da. Sizlər də bizim gənclərsiniz, Sizlər də bu ölkənin gələcəyisiniz. 

Niyə axi bizim uğurumuzu başqa səmtlərə, başqa tərəflərə çəkirsiniz? Uğura sevinməyən ancaq düşmənlər olur. Axı siz düşmən deyilsiniz. Deyirsiniz ki, gənclər həbsdədirlər, bu ola bilər hər ölkənin qanunları var, qanunu pozan istər gənc olsun, istər yaşlı fərq etməz, bir mənalı olaraq məsuliyyətə cəlb olunurlar. Bunun bizim Avropanın Gənclər Paxtaxtı olmağımıza heç bir aidiyyatı yoxdur.

Mən bir gənc olaraq birincisi xahiş edirəm, ikincisi tələb edirəm ki, bu uğurumuzu başqa tərəflərə çəkməyəsiniz. Bunu etməkdənsə, gəlin bizə qoşulun, bizim hər bir gəncə ehtiyacımız var, kömək edin ki, qarşıdakı illər ərzində Avropaya öz gücümüzü olduğu kimi, hətta daha artıq göstərə bilək. 

Biz hər bir gənci dəvət edirik. Yəqin, mənim sözlərimi nəzərə alarsınız. 

Hörmətlə: Səbinə Sadıxova

Gəncə şəhəri"

Qaynar.info