Xəbər lenti

Aydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir
Dünya 13:58 05.07.2026

Aydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir

Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır.

Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab olunan "Kamoʻoalewa" asteroidinə çatıb. Çin Milli Kosmik Administrasiyası (CNSA) yaxınlaşmanın uğurla başa çatdığını hələ rəsmi təsdiqləməsə də, "IFL Science" nəşri yazır ki, zondun artıq kosmik obyektin səthindən nümunə götürməyə hazırlıq məqsədilə manevrlərə başladığı ehtimal edilir.

Nəşr izah edir ki, kvazipeyklər Yerin həqiqi peykləri deyil. Bunlar Günəş ətrafında hərəkət edən, orbital xüsusiyyətlərinə görə uzun müddət Yerə yaxın qalan asteroidlərdir. Bu səbəbdən müşahidələr zamanı elə görünür ki, onlar Yer ətrafında dövr edirlər. Hazırda astronomlar bu tip ən azı səkkiz obyekt müəyyən ediblər.

Alimlərin xüsusi marağına səbəb olan "Kamoʻoalewa" asteroidinin spektroskopik tədqiqatları göstərir ki, o, Ayın səthindən güclü asteroid toqquşması nəticəsində qopmuş qaya parçalarından ibarət ola bilər.

Məhz bu ehtimalı yoxlamaq "Tianwen-2" missiyasının əsas məqsədidir. Kosmik aparat 29 may 2025-ci ildə orbitə buraxılıb.

Lakin missiyanın ən mürəkkəb mərhələsi indi başlayır. Məqalədə qeyd olunur ki, "Kamoʻoalewa" öz oxu ətrafında təxminən hər 28,3 dəqiqədən bir tam dövr edir. Bu qədər sürətli fırlanması onun boş qaya yığınından deyil, əsasən bütöv qaya kütləsindən ibarət olduğunu göstərir. Bu isə səthdən nümunə götürmə prosesini xeyli çətinləşdirir.

CNSA-nın məlumatına görə, yaxınlaşma mərhələsində zond əvvəlcə asteroidi ətraflı tədqiq edəcək, nümunə götürmək üçün ən uyğun nöqtəni müəyyənləşdirəcək, daha sonra isə nisbi hərəkətini asteroidin fırlanmasına uyğunlaşdıraraq xüsusi manipulyator vasitəsilə material toplamağa çalışacaq.

Əməliyyat uğurla başa çatarsa, toplanmış nümunələri daşıyan kapsul Yerə göndəriləcək. Çin Milli Kosmik Administrasiyası kapsulun 2027-ci ilin sonunadək Yerə enəcəyini gözləyir.

Nümunələr Yerə çatdırıldıqdan sonra əsas kosmik aparat missiyasını başa vurmayacaq. O, uçuşunu davam etdirərək əsas asteroid qurşağında yerləşən 311P aktiv asteroidinə doğru istiqamət alacaq. Hazırkı hesablamalara görə, aparat həmin obyektə 2035-ci ildə çatacaq.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->