Hüseynbala Səlimov
"Lap doğrusunu desəm, mən ümumiyyətlə, bilmirəm, bu, nədir? Axı dovşan da meşədə azaddır!” – bəli, çox təəssüf ki, bəzi insanlar (özü də çoxu!) keçmiş sovet məkanındakı otuz illik azadlıq proseslərinə belə qiymət verirlər. Onları prinsipcə, anlamaq, başa düşmək mümkündür: biri var, "azad millət” olasan, biri də var ki, özünü, sözün əsl mənasında, azad dövlətin azad vətəndaşı hesab edəsən.
Çox təəssüf, sonuncu məqamla bağlı postsovet məkanında bir xeyli problem var. Bu məkanın dövlətləri, hətta Rusiyanın özü bu məsələdə hələ də yerində sayır.
Səbrsiz, narahat oxucu dərhal soruşacaq ki, görən, biz bunları niyə deyirik? Məsələ bundadır ki, bu dekabr günlərində Sovet İttifaqının çöküşünün düz otuz ili tamam olur – bəli, 1991-ci ilin 26 dekabrında Sovet İttifaqı buraxılmışdı.
Bir tərəfdən, xüsusən də tarixi nöqteyi-nəzərdən otuz il elə də böyük müddət deyil, digər tərəfdən isə, bu, bir nəslin yaşıdır.
Bu illər ərzində nəyə nail olmuşuq? Postsovet ölkələrinin siyasi və iqtisadi zəmində "uğur”larını sadalamayacağıq. Bircə onu deyəcəyik ki, proses hələ davam edir. Əlbəttə, artıq müəyyən "uğur”lar var – postsovet məkanının bəzi ölkələrində keçmiş sovet məmurları indi də oliqarx olublar, nəhəng siyasi və iqtisadi fiqurlara çevriliblər.
Amma daxili proses bununla da dayanıb. O, indi tamam başqa müstəvidə cərəyan edir – baxmayaraq ki, ruslar vaxtilə özləri SSRİ-ni buraxmışdılar, indi onlar ciddi-cəhdlə onu bərpa etmək istəyirlər.
Hətta indinin özündə belə onlar özlərini keçmiş sovet məkanının sahibi kimi aparırlar. Biz buna bir daha rusların son günlərdə hazırladıqları iki sənədi oxuyarkən əmin olduq. Ötən yazılarda bu məsələyə toxunduğumuzdan daha ona qayıtmayacağıq. Qeyd edək ki, Rusiyanın "düşünən beyinləri” ölkələrini nəvazişlə imperiya adlandırırlar. Bu onu göstərir ki, proses hələ başa çatmayıb – Moskvada ümid edirlər ki, prosesi geri döndərə, keçmiş SSRİ-ni bərpa edə biləcəklər.
Alınacaqmı? Açığı birmənalı şəkildə "yox” demək istəyirik, amma dərhal da xatırlayırıq ki, ictimai-siyasi elmlərdə qeyd edilir: ictimai və siyasi qanunlar konvensional xarakter daşıyır, yəni insanların istək və arzularından asılı olur. Ona görə də elə etmək lazımdır ki, insanlar, sadə vətəndaşlar təkcə tox yox, həm də sözün əsl mənasında, azad olsunlar.
Bilirsiniz, patriotizm boş, hansısa bir irrasional anlayış deyil. Elə olmalıdır ki, biz bir şeirdə deyildiyi kimi, özümüzdən "Vətən, mən sənin nəyini sevim?” – soruşanda buna söz tapa bilək.
Əks halda heç nə alınmayacaq. Bəli, dövlət kimi Şimali Koreya da "azaddır”, hətta atom və nüvə silahları da var. Amma bu günlərdə oxudum ki, şimali koreyalılara on bir gün gülmək qadağan olunub, çünki onlar öz liderləri Kim İr Seni ürəkdən yad etməlidirlər.
Müstəqil dövlət, azad və suveren millət, əlbəttə ki, azad vətəndaş – ictimai–siyasi zəncir belə qurulmalıdır. Əks halda, bu zəncir nə vaxtsa, qırılar və fors-major hadisələr baş verər, hətta, ola bilsin, qan da tökülər. Bunun olmaması, insanların özlərini meşədəki dovşanlar kimi hiss etməməsi üçün, hakimiyyət mənsubları, yüksək çinli məmurlar "Həyat mübarizədir və insan insana düşməndir!” deyib özlərini cəmiyyətdə lap vəhşi təbiətdəki canavarlar kimi aparmamalıdırlar...