
Nərimanov Rayon İcra Hakimiyyəti "Media forum” saytının sorğusunu cavablandırıb.
Sorğu martın 3-də Nərimanov rayonu ərazisində, AXCP-nin yerləşdiyi qərargahın zirzəmisində baş vermiş partlayışla bağlı olub. İcra başçısının birinci müavininin imzaladığı rəsmi cavabı təqdim edirik:
- Tələt Şıxəliyev küçəsi, 8 ünvanında yerləşən 2 mərtəbəli binada 3 mart 2014-cü il tarixdə baş vermiş partlayış zamanı yükdaşıyan konstruksiyalar müxtəlif dərəcəli termik təsirə məruz qaldığından və heç bir antiseysmik tələblərə cavab vermədiyindən binanın gələcək istismarı yolverilməz olmuşdur.
Göstərilən ünvandakı həmin yaşayış binasına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssislərindən ibarət işçi qrupu tərəfindən baxış-müayinə keçirilmiş, binanın dayanaqlığı nöqteyi-nəzərindən mövcud vəziyyətin sakinlərin yaşayışı üçün təhlükəli və yolverilməz olduğu, həmçinin, binada gücləndirmə-bərpa işlərinin aparılmasının iqtisadi cəhətdən səmərəli olmadığı barədə 03.03.2014-cü il tarixli aktla rəy bildirilmişdir. Sözügedən binanın sakinlərinin müvafiq qaydalar əsasında köçürülməsinin və binanın sökülməsinin təmin edilməsi məqsədilə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 04.03.2014-cü il tarixli sərəncamı ilə aidiyyəti idarələrin əməkdaşlarından ibarət komissiya yaradılmışdır.
Həmçinin bildiririk ki, həmin binanın müəyyən hissəsinin mülkiyyətçisi olan vətəndaş Azər Əsgərovun rayon icra hakimiyyətinə daxil olmuş iki müraciətinə tərəfimizdən mövcud qanunvericiliyin tələblərinə uyğun və tələb olunan müddətdə rəsmi surətdə cavablar verilmişdir. Bununla yanaşı bildiririk ki, ona məxsus əşyalardan partlayış nəticəsində yararlı vəziyyətdə olan hissəsi müvafiq komissiya tərəfindən siyahıya aldırılmış və əşyalar müvafiq saxlanc yerinə daşıtdırılmışdır.
Bildiririk ki, baş vermiş partlayışın səbəblərinin müəyyən edilməsi üçün aparılan tədqiqat işləri başa çatdırıldıqdan və ərizəçinin mülkü mütəxəssislər tərəfindən qiymətləndirildikdən sonra vətəndaş Azər Əsgərovun adına bank hesabı açılacaq və təyin olunmuş məbləğdə dövlət vəsaiti ödəniləcək.
Qaynar.info