Siyasət 17:05 30.03.2023

Azərbaycan anti-İran koalisiyasına qoşulacaq? (ŞƏRH)

"İran əbəs yerə Azərbaycanı hədələyir”.
 
Bunu politoloq Qaynarinfo-ya açıqlamasında Zərdüşt Əlizadə İsraildə Azərbaycan səfirliyinin açılması və burada səslənən müxtəlif səpkili bəyanatları şərh edərkən deyib.

Ekspert bildirib ki, münasibətlərin pis olması nə Azərbaycana, nə də İrana xeyir gətirmir:

"İranla Azərbaycan arasında onsuz da gərginlik artıb. İsraildə səfirliyimizin açılması ilə bundan sonra nə olacaq ki? Heç nə olmayacaq. Münasibətlər indi gərgindir, sonradan zaman özü yoluna qoyacaq və tədricən gərginlik aradan qalxacaq. Çünki münasibətlərin pis olması nə Azərbaycana, nə də İrana xeyir gətirmir. Görünür, hansısa dairələr gerçəklik hissini unudaraq düşünür ki, Azərbaycana təzyiq etmək, onu qorxutmaq mümkündür. Amma anlamırlar ki, zəmanə dəyişib, Azərbaycan əvvəlki ölkə deyil. Odur ki, hesablaşmaq lazımdır. Azərbaycan İrana necə hörmət edirsə, onlar da ölkəmizə o cür hörmət etməlidir. Odur ki, əbəs yerə ölkəmizi hədələyirlər. İran bunu dərk edəndən sonra anlayacaq ki, münasibətlər yenidən bərpa olunmalıdır”. 



Ekspert İsraildə səfirliyin açılmasını Təl-Əvivin uğuru, Tehranın isə uğursuzluğu kimi dəyərləndirib:

"İsrail ölkəsində Azərbaycan səfirliyinin açılmasını alqışlayır. Çünki bu halda İsraili tanımayan, ona qarşı olan müsəlman ölkələrinin sırası seyrəlir. İsrail ardıcıl olaraq bir sıra ərəb ölkələrilə diplomatik münasibətlər qurub, iqtisadi-ticari əlaqələr yaradırlar. Səfirliyin açılması ilə dost Azərbaycanla münasibərtlərdə də yüksəliş əldə edilir. Bu İsrailin xarici siyasətinin uğurudur. İsrailin məhvini istəyən İran xarici siyasətinin isə növbəti uğursuzluğudur”. 

Zədüşt Əlizadənin fikrincə, İran mətbuatının Azərbaycanın anti-İran koalisiyasına qoşulması ilə bağlı yazdığı bəyanatlar boş söhbətlərdir:

"İran mətbuatı dezinformasiya yaymaqla məşğuldur. Onların mənasız söhbətlərinə fikir vermək lazım deyil”. 

Rüfət Sultan