
"Neftçi” PFK heyətini gücləndirib.
Qaynarinfo.Az xəbər verir ki, klub 2 futbolçunu transfer edib. Yarımmüdafiəçi Namiq Ələsgərov və gürcü müdafiəçi Georgi Navalovski ilə müqavilə bağlanıb.
Namiq Ələsgərov "Bakı”, "Qarabağ” və "Kəpəz” klublarında çıxış edib. U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş 1995-ci il təvəllüdlü futbolçu Azərbaycan milli komandasının üzvüdür. O, 9 nömrəli formanı geyinəcək.
Georgi Navalovski isə Gürcüstanın "Dinamo” (Tbilisi), "Olimpi”, "Dila”, Rusiyanın "Anji”, "Volqa”, "Ximki”, "Metallurq-Kuzbass”, "SKA-Enerqiya”, "Tosno”, Yunanıstanın "Veriya” klublarında çıxış edib. 2010-cu ildə Bakı "İnter”inin şərəfini qorumuş 30 yaşlı futbolçu Gürcüstan milli komandasının heyətində 19, U-21 yığmasında 9 oyun keçirib. Gürcüstan millisinin sol cinah müdafiəçisi yeni komandasında 29 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, hər 2 futbolçu Azərbaycan çempionudur. Namiq Ələsgərov bu uğura 2014/15 mövsümündə "Qarabağ"la imza atıb. Georgi Navalovski isə 2009/10 mövsümünün II yarısında "Anji"dən "İnter"ə icarə əsasında keçərkən Azərbaycan çempionluğunu yaşayıb.
Qaynarinfo.Az