Xəbər lenti

Azərbaycan-Ermənistan sülhü: "Müqavilənin mətni üzərində son korrektlər gedir"
Siyasət10:43 03.03.2023

Azərbaycan-Ermənistan sülhü: "Müqavilənin mətni üzərində son korrektlər gedir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Vaşinqtonun Qafqaz üzrə nümayəndəsinin bölgəyə səfəri moderator təşəbbüsünü bir qədər də qabartmaq, sülh mətnində Ağ Evin görmək istədiyi kontentə nail olmaq, Rusiyanı sıxışdırmaq və Azərbaycanla Ermənistan arasında birbaşa dialoq üçün şərait yaratmaqdan ibarətdir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bononun gələn həftə Bakıya baş tutacaq səfərini şərh edərkən deyib.
"Son zamanlar moderatorlar arasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına nail olmaq üçün sanki yarışa start verilib. Bir tərəfdən Rusiya, digər tərəfdən isə Avropa İttifaqı ilə ABŞ prosesdə yer almaq istəyir. Aydındır ki, burada hər bir moderatorun öz maraqları da var. Əslində belə proses ölkəmiz üçün əlverişlidir, çünki hərəkətləmələr var”, deyə Üzeyir Şəfiyev bildirib.
Həmsöhbətimiz bildirir ki, Vaşinqton Rusiyanı Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindən sıxışdırıb çıxarmağa, yaranacaq mövcud boşluqda yer almağa çalışır:
"Bu prosesdə əsas həlledici amil şübhəsiz ki, Azərbaycanla bağlıdır. Çünki ölkəmiz qalib dövlət olaraq, öz şərtlərini diqtə edir. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına töhfə vermək istəyənləri alqışlayır. Ancaq Qarabağ məsələsini heç bir geosiyasi oyunçu ilə müzakirə etməyəcəyik. 
Sülh müqaviləsinin mətni üzərində son korrektlər gedir. Vaşinqton istəyir ki, bu zaman daha çox onun moderatorluğu əks olunsun. Bu baxımdan da Dövlət Departamentinin nümayəndəsi bölgəmizə səfər edir. Onun maksimum hədəfi Rusiyanın danışıqlar prosesindən uzaqlaşdırılması, prosesin Vaşinqton ssenarisilə aparılması və Bakı ilə İrəvan arasında birbaşa dialoqun aparılmasına nail olmaqdan ibarətdir. Onlar həmçinin Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər üçün bu və ya digər şəkildə təhlükəsizlik və hüquqi mexanizm üzərində də israr edirlər”. 
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono gələn həftə Cənubi Qafqaza səfər edəcək. O, Bakıda, ardınca da İrəvan və Tiflisdə olacaq. Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə məlumat verib. 
Rüfət Sultan