Xəbər lenti

“Azərbaycan Moldova üçün sürətlə inkişaf edən nümunəvi dövlətdir” - Vüqar Novruzov
Ölkə09:35 07.11.2016

“Azərbaycan Moldova üçün sürətlə inkişaf edən nümunəvi dövlətdir” - Vüqar Novruzov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan-Moldova əlaqələrinin inkişafında Moldova Azərbaycanlıları Konqresinin fəaliyyəti özünəməxsus yer tutur. Müsahibimiz Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Şahmar oğlu Novruzovdur.
Vüqar Novruzov 1962-ci ildə Laçın rayonunda anadan olub, 1980-ci ildən Moldova Respublikasında yaşayır. 1988-ci ildə Moldova Dövlət Universitetinin hüquq fakultəsini bitirib, hüquq elmləri doktorudur. Tanınmış iş adamıdır və 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir. Moldova Prezidenti tərəfindən "Gloria Muncii" (Əmək qəhrəmanı) ordeni ilə təltif edilib.  Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Vüqar Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  4 iyul 2011-ci il sərəncamı ilə “Tərəqqi" medalı” ilə təltif edilib.
- Azərbaycan-Moldova əlaqələri uzun tarixi sınaqdan çıxaraq indiki inkişaf dövrünə qədəm qoyub. Maraqlıdır hazırda Moldovada nə qədər azərbaycanlı yaşayır?
- Moldovada beş mindən çox azərbaycanlı yaşayır. Onların əksəriyyəti Moldovaya gənc mütəxəssis olaraq sovet dövründə təyinat alıb. Burada yaşayan həmvətənlərimiz müxtəlif sahələrdə fəaliyyət göstərirlər, onların arasında dövlət və bələdiyyə strukturlarında, böyük şirkətlərdə top menecer vəzfələrində çalışanlar, o cumlədən sahibkarlıqla  məşğul olanlar da var. Moldova coxdan yaşayan və onun vətəndaşı olan  azərbaycanlılar bu gözəl ölkəni artıq özlərinə ikinci Vətən hesab edirlər
- Moldova Azərbaycanlıları Konqresinin fəaliyyəti ilə bağlı oxucularımıza hansı məlumatı söyləmək istərdiz ?
- Moldova Azərbaycanlıları Konqresi (MAK) 2005-ci ildə ölkənin paytaxtı Kişinyov şəhərinin mərkəzi parklarının birində Azərbaycanın dahi şairi Nizami Gəncəviyə heykəl ucaldıb. Bu heykəlin açılışında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Moldovanın o vaxtkı prezidenti cənab  Vladimir Voronin də iştirak ediblər. Biz Moldovada demək olarki “Nizami dünyası” yaratmışıq. İlk öncə qeyd etmək istərdim ki, dahi Nizaminin aforizmlərini rumın dilinə tərcüməsini və miniatür kitab formatında dörd dildən ibarət nəşrini təşkil etmişik. Aforizmləri rumın dilinə  məşhur yazıçı İon Xadırka tərcümə etmişdir. MAK tərəfindən Nizami Gəncəvi adına təqaüd və mükafat təsis edilib. Təqaüd Moldova ali məktəbləri və litseylərində təhsil alan,  təhsil ili çərçivəsində fərqlənən, o cümlədən Azərbaycanın tarixini və mədəniyyətini bilən tələbə və şagirdlərə verilir. Nizami Gəncəvi adına mükafat isə Azərbaycanı Moldovada tanıdan, iki ölkə arasında əlaqələrin və mədəniyyətlərin inkişafına samballı töhfə verən ictimai, siyasi xadimlərə, elm və mədəniyyət nümayəndələrinə təqdim olunur. Bu günə qədər 3 nəfər bu mükafata layiq görülmüşdür. Onlardan biri Nizaminin aforizmlərini rumın dilinə tərcümə edən tanınmış şair İon Xadırkadır. Digərləri Azərbaycan musiqilərini Moldovanın qədim musiqi aləti nayda(neydə) ifa edən və onlari "Anthology of Azerbaijan music on Moldavian pan-flute" adlı alboma çevirən xalq artisti, Konstantin Moskoviç və Moldovada yaxşı tanınan, daim Azərbaycanla bağlı yazılarla diqqəti cəlb edən şair İon Antondur.
Kişinyov şəhərində hər il müntəzəm olaraq keçirilən etno-mədəni festivalda Moldovada yaşayan azsaylı xalqlar öz mədəniyyət nümunələrini nümayiş etdirirlər. Azərbaycan diasporası da hər il həmin festivalda “Azərbaycan evi” ilə təmsil olunur. Bu il 15-ci festival baş tutdu. Son festivalda da Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini , vətənimizin əldə etdiyi müasir uğurları, milli mətbəximizi, rəqsimizi və musiqimizi layiqli şəkildə nümayiş etdirmişik. Həmçinin bu festivalda MAK Azərbaycan səfirliyi və Moldovada təhsil alan Azərbaycanli gənclər təskilatıyla birgə Gəncə şəhərinin “2016 –cı il Avropa Gənclər Paytaxtı” secilməsinə həsr olunmuş geniş sərgidə təşkil etmişdik.  Azərbaycan diasporası olaraq bir sıra milli bayramlarımızı Moldovada hər il qeyd edirik. Bunlardan “Novruz bayramı”mızın adını çəkmək istərdim. Bu bayrama Moldovada  böyük maraqla yanaşılır və əminliklə demək olar ki, “Novruz bayramı” artıq ümummoldova mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir.
Xüsusile geyd etmək istərdimki, Azərbaycan  səfirliyi  Moldovada fəaliyyətə başladığı zamandan bu günə qədər MAK-la səfirlik arasında səmərəli münasibət və əməkdaşlıq fəaliyyəti qurub,  tədbirlərimizin də əksəriyyətini bərabər həyata keçirmişik, eləcə də bu istiqamətdə fəaliyyətimizi uğurlua davam etdiririk. 
Hal hazırda Moldovada bir cox tələbələr təhsil alır. Biz bu gəncləri də konqresimizin fəaliyyətinə cəlb etmişik. Vətənimizin əlamətdar günlərinə həsr edilmiş tədbirlərdə əvvəl qeyd etdiyim kimi, onlar da aktiv iştirak edirlər.
- Vətənimiz Azərbaycan Müstəqilliyinin 25-ci ildönümünü qeyd etdi. Bu barədə danışmaq istərdik. 
- Çox vacib atalar sözümüz var - güc birlikdədir. Əgər Azərbaycanımızı məcazi mənada yeni pöhrələnib sürətlə böyüyən əbədi bir ağaca bənzətsək, bu ağacın kökü ana vətənimiz Azərbaycandır, gövdəsi Azərbaycanda yaşayan xalqımız, budaqları ölkəmizdən kənarda yaşayan həmvətənlərimiz – diasporamızdır. Bu ağac vahid vücud olaraq inkişaf edir. Azərbaycanla bağlı istər  uğurlarımız, istərsə də problemlərimiz hər zana bizimdə diqqət mərkəzimizdədir. Moldovada yaşayan azərbaycanlılar daim Vətən eşqiylə fəaliyyət göstərir. Müstəqilliyimiz milli tariximizdə ən böyük nailiyyətlərimizdən biridir. Biz Moldovada müstəqil Azərbaycanı tanıtmaq üçün daim müxtəlif tədbirlər həyata keçiririk. Bu yaxınlarda həm Azərbaycanın, həm də Moldovanın  Müstəqilliyinin 25-ci ildönümünə həsr olunan, hər iki xalqın dostluğunu özündə təcəssüm etdirən  çox maraqlı bir layihə MAK tərəfindən həyata keçirildi. Moldovada beynəlxalq dərəcəli yolların  kəsişməsində Sıncerey şəhəri var. 10.10.2016-cı ildə o, şəhərin mərkəzi giriş yolunda, təntənəli açılışı həyata keçirilən "Arca Prieteniei" - “Dostluq qapısı” adlı abidə ucaldıldı. Bu abidənin hazırlanmasında Azərbaycan və Moldova memarlıq ornamentlərinin sintezindən istifadə olunub. Azərbaycan memarı Azər Məmmədov bu ideyanı yüksək səviyyədə həyata keçirib. Eyni zamanda Azərbaycanın əməkdar artisti, məşhur balaban ustası Şirzad Fətəliyevi Moldovaya dəvət etmişdik. O Moldovanın xalq artisti,  məşhur nay (ney) ustası Konstantin Moskoviçlə birgə Müstəqillik günümüzə həsr olunan geniş proqramlı konsertlə çıxış etdilər. Moldova Milli Filarmoniyasında orijinal repertuarla keçən konsert böyük maraqla qarşılandı. Hətta Konstantin Moskoviç Azərbaycan musiqilərini Moldova nayında, Şirzad Fətəliyev isə Moldova musiqilərini bizim balaban, zurna və tütək kimi qədim musiqi alətlərimizdə yüksək məharətlə ifa etdilər. 
Yeri gəlmişkən, tanınmış yazıçı, dünyada ən yaxşı romanistlərdən biri olan və əsərləri hər zaman böyük maraqla qarşılanan Çingiz Abdullayevin romanlarından birini rumın dilinə tərcümə etdirmişik. “Bizim dövrün qorxusu” adlı kitab  artıq bu günlərdə rumun dilində çapdan çıxıb. Bu ilin sonuna qədər həmin kitabın  geniş təqdimat mərasiminin tarixini Çingiz müəllimlə razılaşdırıb həyata keçirəcəyik. Bu layihə də Müstəqilliyimizin 25-ci ildönümünə həsr olunub.  
- Maraqlıdır, Moldovadan Azərbaycan necə görünür?
- Azərbaycan Moldova cəmiyyəti üçün sürətlə inkişaf edən nümunəvi bir  dövlət kimi görünür. Bildiyiniz kimi Azərbaycan-Moldova dostluq əlaqələrinin dərin tarixi var. Bu dostluq müasir dövrdə də layiqincə davam etməkdədir. Dostluq hər iki ölkənin ali rəhbərləri səviyyəsindədə mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də bir sıra beynəlxalq təşkilatlarda çox tərəfli formatda siyasi əməkdaşlıq edirlər. Azərbaycanda keçirilən bütün mötəbər tədbirlər – Avroviziya mahnı müsabiqəsi, ilk Avropa Oyunları, Formuila-1 yarışı, Azərbaycan-multikulturaliz məkanı , BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Moldovada böyük diqqət çəkib və fərəh hisləriylə qarşılanıb. Azərbaycan - Moldova arasında əməkdaşlıq, o çümlədən iqtisadiyyat, mədəniyyət və sosial sahələrdə də geniş yer tutur. Bu əməkdaşlığın inkişafı üçün, xüsusilə iqtisadiyyat sahəsində istifadə edilməmiş resurslar daha çoxdur. İldən ilə hər iki ölkədən qarşılıqlı səfər edən turistlərin sayı artmaqdadır. Azərbaycana gedib gələn moldovalılar uzun müddət səfərin təsiri altında qalır. Ölkəmizin inkişaf yolundakı nailiyyətlərini nümunə kimi sadalayırlar. Azərbaycanın bu günkü naliyyətlərini artıq inkişaf etmiş ölkələrlə müqaisə edirlər. Təbiidir ki, bu reallıqdır. İnkişaf üçün Azərbaycanda böyük potensial olduğu hamıya məlumdur. Çünki, Azərbaycanda həm müdrik ali rəhbərlik, həm zəhmətsevər xalq, həm də zəngin sərvətlər var. Uğurlarımız dostları sevindirir, dost olmayanları qıcıqlandırır. Azərbaycanlı olaraq Vətənimizin əldə etdiyi nailiyyətlərə çox sevinirik, bu uğurlardan ilhamlanaraq, Azərbaycana daha çox arxalanaraq irəli gedirik.
- Bu günlərdə Müstəqilliyimizin 25-ci ildönümüylə əlaqədar Azərbaycan idman jurnalistləri Moldovadan olan həmkarlarıyla dostluq matçı keçirib. Bu oyunun baş tutmasında Azərbaycan Gənclər və İdman nazirliyi ilə yanaşı Moldova Azərbaycanlıları Konqresinin də böyük rolu oldu...
- Azərbaycanda idmana və idmançılara dövlət səviyyəsində böyük diqqət və qayğı var. Bir neçə ay bundan əvvəl idmançılarımız Rio-da keçirilən Yay Olimpiya Oyunlarında 18 medal qazanmaqla tarixi uğura imza atdı. Planetin ən böyük idman yarışında hər dəfə daha çox medal qazanmağımız Azərbaycanda idmanın sürətlə inkişaf etməsinin təzahürüdür. Artıq dünyada Azərbaycan idman ölkəsi kimi tanınır. Sözsüz ki, bu sahədə idman mediasının da özünəməxsus yeri var. Azərbaycan jurnalistlərinin Moldovaya səfəri ənənə halını alıb. Burada iki ölkənin jurnalistləri yaşıl meydanda futbol matçında iştirak edib. Düşünürəm ki, belə dostluq matçlarının təşkili davam etdirilməlidir. Belə oyunlar iki ölkə mediasının əlaqələrinin inkişafına və eyni zamanda qarşılıqlı informasiya mübadiləsinə əlavə dəstək olur.
- Son olaraq Azərbaycanda yaşayan azərbaycanlılara sözünüzü eşitmək istərdik...
- Xalqımızı bu böyük bayram, Azərbaycanımızın Müstəqilliyinin 25- illiyi münasibəti ilə ürəkdən təbrik edirəm ! Müstəqilliyimiz əbədi və daimi olsun! Arzu edirəm xalqımızın güzəranı gündən günə daha da yaxşılaşsın ! Vətənimiz inkişaf yolunda öz uğurlu addımlarını davam etdirsin ! Doğma Azərbaycanımızın ərazi bütövlüyünü bərpa edək, Bayrağımız Dağlıq Qarabağımızın hər bir guşəsində dalğalansın!
Qaynarinfo.Az