Xəbər lenti

Azərbaycan mövqeyini açıqladı
Siyasət12:00 16.06.2014

Azərbaycan mövqeyini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Araz Əzimov: “Azərbaycan torpaqları Ermənistanın işğalı altında qaldıqca, heç bir qarşılıqlı inam və birgəyaşayış mümkün ola bilməz”

“Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi mütləqdir.

Azərbaycan torpaqları Ermənistanın işğal altında olduğu müddətdə heç bir qarşılıqlı inam, kommunal xətlərin inşası, infrastrukturun qurulması, birgəyaşayış və sair mümkün ola bilməz”.

 APA-nın məlumatına görə, bunu Bakıda keçirilən NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

O, rəsmi Bakının mövqeyini açıqlayaraq qeyd edib ki, Azərbaycan münaqişənin mərhələli şəkildə həllinin tərəfdarıdır: “Ancaq hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı köklü inkişafdan danışmaq olmaz”.

 Nazir müavini bildirib ki, beynəlxalq ictimaiyyət tərəfindən Ukrayna hadisələri ilə bağlı böyük cəsarət nümayiş olundu: “Amma biz də 20 ildir eyni cəsarəti gözləyirdik. Təəssüf ki, Cənubi Qafqazla bağlı hələlik belə bir cəsarət ortaya qoyulmayıb. Biz ərazi bütövlüyü prinsipinə sadiqlik məsələsində daha sərt mövqenin nümayiş etdirilməsini gözləyirik. Ermənistan beynəlxalq səviyyədə Ukraynanın ərazi bütövlüyünün əleyhinə çıxış etdi. Biz həmçinin prezident Serj Sarkisyanın Krımın ilhaq edilməsi məsələsinə müsbət yanaşmasının da şahidi olmuşuq. Siz bunu görmürsünüz?”

A.Əzimov Laçın dəhlizi ilə bağlı məsələyə də toxunub: “Adətən, həmişə Dağlıq Qarabağla Ermənistan arasında yerüstü dəhlizin təmin edilməsinin vacibliyindən danışılır, lakin təəssüf ki, nədənsə heç kim Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında dəhlizin təmin olunması vacibliyindən danışmır”.

 Nazir müavini həmçinin qeyd edib ki, Ermənistan tərəfindən Suriya və Liviyadan ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarına köçürülüb orada məskunlaşması narahatlıq doğurur: "Əgər bu torpaqları bizə qaytaracaqsınızsa, niyə orada süni gərginlik yaradırsınız? Əgər Dağlıq Qarabağın ətrafındakı torpaqlar ermənilərin iddia etdiyi ərazi kimi qəbul edilməyibsə, onda Ermənistan oradakı vəziyyəti niyə dəyişməyə və gərginliyin artmasına can atır?"

Qaynar.info