
Braziliyanın paytaxtı Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Qaynarinfo.Az xəbər verir ki, Azərbaycan Paralimpiya Oyunlarında 6 idman növündə 22 idmançı və 2 liderlə təmsil olunub.
Onlardan 11 nəfəri Paralimpiya Oyunlarında ilk dəfə olaraq iştirak ediblər. Milli komandamız 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb.
Medal əyarına görə Azərbaycan 48-ci pilləni tutub. 239 medal qazanan Çin 1-ci, Böyük Britaniya (147 medal) 2-ci, Ukrayna (117 medal) 3-cü olub. Ukraynadan 2 medal az qazanan ABŞ yalnız 4-cü ola bilib.
Paralimpiya Oyunlarında 170-dək ölkədən 4 mindən çox idmançı iştirak edib. Onlardan yalnız Azərbaycan da daxil olmaqla 82 ölkənin idmançıları mükafatçılar sırasına düşə bilib.
Paralimpiya yığmamız medalların ümümi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri arasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.
XV Yay Paralimpiya Oyunlarında Pekin Oyunlarına nisbətən 1 medal çox, London Oyunlarına nisbətən isə 1 medal az qazanılıb. Lakin London Paralimpiya Oyunlarında 7 idmançı mükafatçılar sırasına düşmüşdürsə, Rio-da 8 atletimiz bayrağımızı qaldırıb. Bu oyunlarda ilk dəfə olaraq 5 qadın idmançı iştirak edib və ümumilikdə 4 medal qazanıb.
Paralimpiyaçılarımız idmançıların sayına görə qazanılmış medalların faiz nisbətində də uğurlu nəticə göstərib.
İdmançıların sayına görə qazandığı medalların səmərəlilik əmsalı 50% təşkil edib və nəticədə bu göstəriciyə görə komandamız ilk pillələrdə yer alıb.
İki idmançımız Rio-da yeni rekordlara da imza atıb. Belə ki, F-12 kateqoriyasında İradə Əliyeva nizə atma yarışında (42.58 ) Paralimpiya rekordunu, Yelena Çebanu isə 100 metr məsafəyə qaçışda (11.71) Avropa rekordunu yeniləyib.
Sevindirici haldır ki, 8 mükafatçıdan 7-si Paralimpiya Oyunlarında ilk dəfə medal qazanıb. Bu da, Milli Paralimpiya Komitəsinin 20 illik fəaliyyəti dövründə ehtiyat qüvvələrin hazırlanması istiqamətində gördüyü işlərin müsbət nəticəsidir və XVI Tokio Yay Paralimpiya Oyunlarında daha yüksək nailiyyətlər əldə etməsinə zəmin yaradır.
Qeyd edək ki, idmançılarımız 20 il ərzində 6 Paralimpiya Oyunlarında 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla, 38 medal əldə ediblər. Rio-da Ramil Qasımovun qızıl medal əldə etməsi ilə Azərbaycanın Paralimpiya tarixində yeni bir səhifə açılıb. Belə ki, Paralimpiya çempionlarımızın sayı 7-ə yüksəlib. Onlardan 2 nəfər ikiqat Paralimpiya çempionu və üçqat paralimpiya mükafatçılarıdır.
Xatırladaq ki, Azərbaycan Milli Komandasının kapitanı və bayraqdarı İlham Zəkiyev ilk dəfə olaraq XV Yay Paralimpiya Oyunlarının açılış mərasiminə milli geyimdə çıxıb. Bu da "Marakana" stadionuna toplaşmış on minlərlə tamaşaçının böyük marağına səbəb olub.
Qaynarinfo.Az