"Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin ən yüksək səviyyədə inkişaf etməsinə önəm veririk". Bunu Türkiyə Prezidenti Abdullah Gül çərşənbə axşamı Ankarada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin "Dövlət nişanı" ilə təltif olunması mərasimində çıxışı zamanı bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər verib.
A.Gül qeyd edib ki, dünyada baş verən proseslərin fonunda Azərbaycanı stabilliyə qovuşduran bir liderin olması əlaqələrin gələcəyinin təminatıdır.
Onun sözlərinə görə, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər sahədə gözqamaşdırıcı uğurlara imza atmaqdadır: "Son on ildə Azərbaycana səfərlərim zamanı bu qardaş ölkənin mahir əllərdə necə dəyişərək inkişaf etdiyinin şahidi oluram".
A.Gül bildirib ki, yüksələn rifah və inkişaf səviyyəsinə görə Azərbaycan qısa zamanda qibtə ediləcək ölkəyə çevrilib.
Türkiyə Prezidenti qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrliyi ilə diplomatik gücünü də sübut edib: "Bu gün Azərbaycan və Türkiyə arasında qədim dostluq və qardaşlıq əlaqələri önəmli layihələrlə zənginləşərək davam etməkdədir".
A.Gülün sözlərinə görə, Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi enerji layihələrini davam etdirərək yeni uğurlara imza atmaq niyyətindədir. Türkiyə Prezidenti qeyd edib ki, iki ölkə arasındakı əlaqələrin inkişafında Prezident İlham Əliyevin müstəsna rolu var.