
Azərbaycanda bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 2,9 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 2,6 dəfə artıb. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərində 3,8 dəfə artım olub.
Trend-in məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda məlumat verilib.
Birinci rübdə istehsal olunaraq sifarişçilərə təhvil verilən məmulatlardan PKM pulemyotunu, 60 mm-lik minaatanı, "Zəfər-K" tipli tapançanı, AK-74M tipli avtomatı, müxtəlif növ döyüş və siqnal patronlarını, əl qumbarasını, tank əleyhinə minanı, atıcı silahları, zirehli texnikanın ehtiyat hissələrini və digər məmulatları göstərmək olar.
Hesabat dövründə mülki məhsulların istehsalı üzrə proqnoza 100,6% əməl edilib, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki təyinatlı məmulatların istehsalında 17,5 faiz artım qeydə olunub.
2013-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələrində yaradılma üzrə 71 mövzu və 212 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib.
Kollegiyada qeyd olunub ki, nazirliyin müəssisələrində yaradılan və istehsal olunan məhsulların mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayişi artıq ənənə halını alıb.
2009-cu ildə Türkiyədə keçirilən "IDEF-2009" sərgisində Müdafiə Sənayesi Nazirliyi 27 adda məmulatla təmsil olunmuşdusa, ötən ilin noyabrında İndoneziyada keçirilən "IndoDefence-2012"sərgisində 125 adda məmulatla təmsil olundu. Nazirlik may ayında Türkiyənin İstanbul şəhərində keçiriləcək "IDEF-2013" sərgisində isə 130 adda məmulat nümayiş etdirəcək. Bu sərgidə, ilk dəfə olaraq 7,62x54 mm-lik "Gürzə" pulemyotu, 7,62x51 mm-lik "Yalquzaq" snayper tüfəngi, 7,62x54 mm-lik HP-7,62 tipli hücum pulemyotu, "Gürzə" patrul maşını, "Aerostar" və "Orbiter" tipli pilotsuz uçuş aparatları və digər məmulatlar nümayiş etdiriləcək.
Qaynar.info