Xəbər lenti

Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili...
Siyasət 13:17 16.07.2021

Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili...

"Azərbaycançılıq hər şeydən öncə, Azərbaycan xalqının bu günə qədər əldə etdiyi milli mənəvi dəyərlərə sahib çıxmaq, Azərbaycan dilini, tarixini, mədəniyyətini bilmək, tarixən əldə etdiyimiz dəyərləri mühafizə etməklə, qloballaşan dünyada mövcud olan, yeni universal dəyərləri mənimsəməklə, bunları ümummilli mənafelərimizin qorunması istiqamətində səfərbər etmək deməkdir”.

Bunu Qaynarinfo-ya azərbaycançılıq ideologiyası, onun təbliği, bu ideologiyanın cəmiyyətə təsir mexanizmi haqqında danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
 
O bildirib ki, azərbaycançılıq ideologiyası böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir. Eyni zamanda Azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir hadisədir:



"Azərbaycançılıq ideologiyası ilə bağlı Ulu Öndər bir neçə dəfə danışıb və onu izah edərkən çox mühüm məsələlərə toxunub. Əgər biz bunu konkret olaraq siyasi, elmi nöqteyi-nəzərdən formalaşdırmağa çalışsaq, deyə bilərik ki, azərbaycançılıq ideologiyası Azərbaycanın milli neokonservatizmidir. Nekonservatizm – konservatizm və liberalizmin birləşməsidir. Yəni, mühafizəkarlıq üstəgəl müasirlik və liberallıq azərbaycançılıq ideologiyasına bərabərdir. Ona görə də bütün bunlar cəmiyyətimizin çox rəngli etno və sosial palitrası tərəfindən qəbul olunur. Azərbaycanda yaşayan hər bir azərbaycanlı özünü xalqımızın bu vaxta qədər yaratdığı milli-mənəvi dəyərlər sisteminin varisi hesab etməklə həm də onu zənginləşdirmək üçün fəaliyyət göstərir”. 

Sosial identifikasiyamız və ortaq dəyərlərimiz

Azərbaycançılıq ideologiyasının təbliğinin aparılma formalarından danışan Hikmət Babaoğlu bildirib ki, əslində ölkəmizdə mövcud olan multikultural və tolerant mühit bu təbliğatı asanlaşdırır və bu təbliğatın ümummilli konteksdə realizə olunmasını şərtləndirir. 

"Azərbaycançılıq ideologiyası bizim ümumi sosial identifikasiyamız və ortaq dəyərlərimizi müəyyənləşdirir. Bu da çox vacib məsələdir. Amma hazırda hər bir cəmiyyətin milli ideoloji sisteminə xaricdən müəyyən impulslar ötürülməkdədir, postmodern cəmiyyətlərdə olan informasiya mühiti, informsiyanın yayılması və mübadiləsi prosesində meydana çıxan yeni seqmentlər, sosial şəbəkələr, internet resursları və digər vasitələr ümummilli identliyə, ümummilli bənzərliyə, ümummilli dəyərlərə müəyyən mənfi impulslar ötürə bilir. Burda azərbaycançılığın təbliğ olunması, azərbaycançılıq ideologiyasının milli fəaliyyətimizin və yaxud ümumi ictimai fəaliyyətimizin leytmotivinə çevrilməsi zəruri hal alır. Çünki informasiya cəmiyyəti sadəcə informasiya mübadiləsi və informasiyanın sürətlə əldə edilməsi hadisəsi deyil, həm də cəmiyyət üzvlərinin düşüncələrinə təsir edən, onun keyfiyyətini təyin edən bir hadisədir”. 



Deputatın fikrincə, azərbayacançılığın təbliğ olunması ilk növbədə, dövlətin kiçik modeli olan ailə institutundan başlamalıdır: 

"Azərbaycançılıq artıq hər birimizin mənimsədiyi bir həyat tərzidir, ancaq bunun üzərində daim dayanmalı və bizi birləşdirən bu dəyərin daha geniş təbliğ olunması istiqamətində addımlar atmalıyıq. Məktəb mühitində, sosial mühitdə, radio və televiziyalarda, internet resurslarında daima yuxarıda qeyd etdiyimiz prinsiplərə, dünyada maraqlarımıza, inkişafımıza cavab verən nə varsa, onu mənimsəməklə və onların cəmiyyətimizin bu vaxta qədər əldə etdiyi dəyərlə uzlaşdırılmasını təmin etməklə xalqımızın inkişafına doğru addım atmaq vəzifəsi hər bir azərbaycanlının qarşısında durmalı və bu istiqamətdə də daima aralıqsız və sistemli şəkildə təbliğat aparılmalıdır”. 

Millət olaraq türk, xalq olaraq azərbaycanlı...

"Biz millət olaraq türk, xalq olaraq azərbaycanlıyıq. Bu ideologiya bir özünü milli dərk tərzidir”.

Bu fikirləri isə professor Nizaməddin Şəmsizadə səsləndirib. Professorun sözlərinə görə, sovet ideologiyası çökəndən sonra respublikalar müstəqillik əldə etdi, eyni zamanda marksizm və leninizm iflasa uğradı. Ona görə də hər bir xalq öz milli ideologiyasını yaratmaq zərurəti qarşısında qaldı:



"Azərbaycançılıq istiqlal ideologiyasıdır. Azərbaycançılıq ideologiyası türkçülüyün vətən əxlaqi müstəvisində dərkidir. Azərbaycançılıq Azərbaycanda yaşayan, onu vətən bilən bütün fərdləri birləşdirən ideologiyadır. Azərbaycançılıq milli məfkurədir”.

Azərbaycançılığın dövlətçiliyə tətbiqindən danışan professor bildirib ki, bu, Heydər Əliyevin adı ilə bağlıdır:

"Heydər Əliyev Konstitusiyamızda ilk dəfə bunu nəzərə aldı. Dünya azərbaycanlılarının qurultayında məşhur deyim olan "Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsini işlətdi”. 
 

 
Həm dövlət, həm də milli ideologiya

"Azərbaycançılıq bizim həm dövlət həm də milli ideologiyamızdır”, - deyə dövlət quruculuğunda bu ideologiyanın rolundan danışan Nizaməddin Şəmsizadə bildirib ki, bir halda ki dövlət var, onun öz ideologiyası olmalıdır: 

"İdeologiya dövlətin bütün təchizatlarını ümumiləşdirən bir elmdir. İdeologiya siyasət deyil, ancaq siyasətin əsasında dayanır”. 

Professor düşünür ki, 44 günlük Vətən Müharibəsində bizim müvəffəqiyyətimizin səbəblərindən biri də Azərbaycan xalqının məhz vahid ideologiya ətrafında birləşməsi olub: 

"Azərbaycanda olan bütün etniklər azərbaycançılıq ətrafında birləşib qələbəyə nail oldular. İdeologiya hər bir sahəyə lazımdır. İdeologiyasız ola bilməz. İdeologiya vətən haqqında vahid elmi sistemdir. Ona görə də bizim bugünkü dövlətçiliyimizin atributları - Azərbaycanın bayrağı, gerbi, himni, pulu və Konstitusiyası məhz azərbaycançılığa əsaslanır”.

Açar dövlətlərdən biri olmaq...

"Azərbaycanın Qoşulmama Hərəkatına sədirliyi daha bir il uzadılıb və bu konteksdə də pandemiyadan sonrakı dövrdə regionun siyasətinin müəyyənləşməsində açar dövlətlərdən biri olaraq qalmağa davam edəcək”.



Bu sözləri isə saytımıza politoloq Tural İsmayılov deyib. O, Azərbaycanın bundan sonrakı xarici və daxili siyasət kursunun necə müəyyənləşəcəyindən danışarkən qeyd edib ki, Azərbaycanın daxili və xarici siyasəti İlham Əliyev tərəfindən mükəmməl səviyyəyə çatdırılıb: 

"Ölkədəki siyasi xaos və hərc-mərcliyin səbəb olduğu dağıntılar bu illər ərzində aradan qaldırılıb. Azərbaycan tamamilə yeni və fərqli bir məcraya daxil olub. Eyni zamanda, bir başa məhz cənab Prezidentin iradəsi və ordumuzun, igid qəhrəmanlarımızın sayəsində torpaqlarımız 30 illik işğaldan azad edilib. Bu baxımdan bundan sonra da Azərbaycan Qarabağda abadlıq, quruculuq işləri görəcək və postpandemiya dönəminin siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynacaq”. 

Politoloq qeyd edib ki, azərbaycançılıq ideologiyası ölkənin toparlanması və eyni zamanda vahid vətən anlayışı ətrafında birləşməsi üçün müstəsna əhəmiyyətə malik olub:

"44 günlük Vətən Müharibəsi göstərdi ki, ölkədə xalq-iqtidar, xalq-ordu birliyinin kökündə də məhz elə azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiyanın təsiri nəticəsində həssas məsələlərdə xalq olaraq bir yumruq olmağı bacardıq və ermənilərin başına endirdiyimiz "dəmir yumruq”la paralel həmin dövrdə Qarabağın işğaldan azad olunduğu 44 günlük savaş dönəmində cəmiyyətin içərisində də "Vahid Vətən”, "Vahid Dövlət”və "Vahid Azərbaycan” anlayışı ətrafında sıx birlik yaratdıq”.

O bildirib ki, azərbaycançılıq ideologiyası bundan sonra da uğurla inkişaf etdirilərək dövlət siyasətinin məhvərində olmağa davam edəcək.

Günay İlqarqızı

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->