Xəbər lenti

Azərbaycanda ərzaq istehsalı: Özümüzü təmin edə bilirikmi?
Ekonomiks 18:55 30.08.2024

Azərbaycanda ərzaq istehsalı: Özümüzü təmin edə bilirikmi?

"Azərbaycan ərzaq məhsullarına olan təlabatının 50%-i daxili istehsal hesabına həyata keçirir. Azərbaycan daha çox meyvə və giləmeyvə istehsal edən ölkədir. Amma meyvə və giləmeyvədə biz özümüzü beynəlxalq normaya uyğun olaraq 47% təmin edirik".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov Azərbaycanın ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsini əks etdirən statistikada ət və ət məhsulları üzrə 85,3 faiz, süd və süd məhsullarında 84 faiz təmin etməsinə aydınlıq  gətirərkən deyib.
 
Ekspert bildirib ki, ölkədə adambaşına 40 kq ət istehlak olunur:

"Beynəlxalq norma var. Bu normanı bütün dünya ölkələri qəbul edir. Bəzi ölkələr özlərinin normasını müəyyən ediblər. Ona uyğun da əhalinin ərzaqla təminatını həyata keçiriblər. Bizdə isə norma müəyyən edilməyib. Minimum əmək haqqının müəyyən etmək üçün minimum istehlak səbəti var, yəni orada da hədd müəyyən ediblər ki, yaşından asılı olaraq 30-35 kiloqrama kimi ət yeyə bilər. Bu, norma deyil. Bu minimum həddir ki, ona uyğun da minimum əmək haqqını müəyyən edirlər".
 


Vahid Məhərrəmov Azərbaycanda ərzaqla bağlı normanın müəyyən və belə bir sənədin qəbul edilmədiyini vurğulayıb:

"Məsələn, ötən il ərzində ən az ət yeyilibsə, yaxud da bu il çox ət yeyilibsə bu göstərilmir. Ümumilikdə beynəlxalq norma var, hamı ona əməl edir. İl ərzində hər adam başına ət norması 78 kiloqramdır. Azərbaycanda isə hər adam başına 30 kiloqram ət istehsal edilir. Belə bir vaxtda heç vaxt Azərbaycanın ət və ət məhsulları üzrə təminatı 85,3 ola bilməz".

Heyvandarlıq məhsullarında Azərbaycan yalnız yumurta üzrə özünü tam təmin (102,2%) edə bilməsi ilə bağlı statistikaya gəlincə, ekspert yumurta ilə bağlı məlumatlarda da yalnışlığa yol verildiyini diqqətə çatdırıb:

"Adam başına illik yumurta norması 290 ədəddir, Azərbaycan isə istehsal edir 190 ədəd. Azərbaycan beynəlxalq normaya uyğun olaraq yumurta ilə özünü təmin etmir. Yadınızdadırsa bir müddət qabaq Rusiyada yumurta istehlakı ilə bağlı problem yaranmışdı, Azərbaycandan idxal ediblər. Adambaşına Rusiya 350 ədəd yumurta istehlak edir. Bu normadan daha çoxdur. Bu il Rusiyada təlabat daha da artıb. Bunun səbəbləri var idi. Putin çıxışında bildirmişdi ki, "elə gün olub ki, 9 yumurta yemişəm". Putinin bu çıxışından sonra yumurtaya olan təlabat sürətlə artdı. Yumurta ilə biz özümüzü təmin edə bilmirik". 

Qeyd edək ki, Azərbaycanın ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi ilə məlumat açıqlanıb. Dövlət Statistka Komitəsinə istinadən verdiyi məlumata görə, heyvandarlıq məhsullarında Azərbaycan yalnız yumurta üzrə özünü tam təmin edə bilir - 102,2 faiz, ət və ət məhsulları üzrə təminat 85,3 faiz, süd və süd məhsullarında 84 faiz, balıq və balıq məhsullarında 75,4 faizdir. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->