
"İlk növbədə xəstənin beyin ölümünü təsdiq edən xüsusi komissiya olmalıdır. Bu komissiyanın üzvləri də orqan köçrülmə işi ilə məşğul olmayan insanlardan seçilir. Komissiya beyin ölümünü təsdiq etdikdən sonra orqan götürülüb lazımı yerlərə təhvil verilir".
Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev meyitdən orqan köçrülməsi ilə bağlı qaydanın Azərbaycanda tətbiqi haqqında izahat verərkən deyib.

Fariz Babayev bildirib ki, bütün dünyada bu prosses həyata keçrilir: "Birinci mərhələdə canlı insanlarda orqan köçrülməsi həyata keçrilir. Digər mərhələdə meyitdən orqanların köçrülməsi olur. Bura bütün orqanlar; böyrək, qara ciyər, sümük iliyi və s. orqanlar daxildir. Avropa dövlətləri bu mərhələni daha tez keçdi. Türkiyədə İslam amillərinə görə bu proses bir az çətin oldu. Amma bu iş orda dünya səviyyəsində və Avropa səhiyyəsinin standartlarında qurulub. Orda donor bankları fəaliyyət göstərir. Bu işlə məşğul olan xüsusi insanlar var".
Şöbə müdirinin sözlərinə görə, Azərbaycanda bu təcrübənin tətbiqi üçün hazırda dövlət qurumları hüquqi baza hazırlayır: "Burda həm sosial-ictimai, həm də hüquqi baza olmalıdır. Hüquqi baza hökmən işlənməlidir. Sonradan xoşagəlməz məqamların baş verməməsi üçün bu mütləqdir. Orqanın götürülüb hara təhvil verilməsi üçün və xəstə yaxınları ilə həkimlər arasında neqativ hal baş verməsin deyə hüquqi bazada müxtəlif qaydalar təsbit olunmalıdır. Avropa ölkələrində və Türkiyədə sığorta orqanları var ki, bunlar xəstədən və ölmüş insandan orqanın götrülməsini təsdiq edirlər".
Fariz Babayev vurğulayıb ki, bizdə də orqan köçrülməsi məsləsində müəyyən qaydalardan istifadə olunacaq: "Bu işə Səhiyyə Nazirliyinin mütəxəssisləri də cəlb olunub. Bu mərhələli bir prosesdir. Artıq təbliğat da başlayıb. İnsanların şüuruna da təsir etmək lazımdır. Burda həm din xadimləri, həm həkimlərimiz insanlara mənəvi tərəflərini izah edirlər. İnsanlar şüurlu şəkildə buna razılıq verməlidirlər ki, mənə bir şey olsa, orqanlarımı bağışlamağa hazıram. Yaxud ölən insanın yaxınları onun orqanlarının götürülməsinə razılıq verməsi üçün mənəvi hazır olmalıdır. İnsanlarda ictimai şürda sağlam şəkildə formalaşmalıdır ki, buna sağlam baxışlarla yanaşsınlar. O zaman bu işin əhəmiyyəti olar. Yoxsa bunu zorla və ya hər hansı bir çərçivəyə salmaqla həll etmək olmaz".
Səhiyyə nazirinin müavini Elsevər Ağayev bu gün meyit orqanlarının transplantasiyası ilə bağlı açıqlama verib. APA-nın məlumatına görə, məsələnin mütəxəssislər tərəfindən müzakirə olunduğunu deyib: "Meyit orqanlarının transplantasiyası ilə bağlı qanunvericilikdə düzəliş olmalıdır. Bu, bir qədər etik məsələdir. Bunun üçün seminarlar keçirilməli, müzakirələr davam etdirilməlidir. Çünki millətin özünün milli xüsusiyyətləri, etik normalar da var ki, bunlar nəzərə alınmalıdır. Ona görə də meyitdən orqanların transplantasiyasının həyata keçirilməsi sonranın işidir”.
E. Ağayev səhiyyə müəssisələrinin belə transplantasiya əməliyyatları üçün hazır olduğunu da qeyd edib: “Xəstəxanalarımızda orqan transplantasiyası əməliyyatları keçirilir. Regionlarda da bu əməliyyatların həyata keçirilməsi mümkündür. Bu sahə daha da inkişaf etdirilməlidir”.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az