Xəbər lenti

Azərbaycanda “Trendyol”a məhdudiyyət tətbiq oluna bilərmi?
Ekonomiks10:56 24.02.2023

Azərbaycanda “Trendyol”a məhdudiyyət tətbiq oluna bilərmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İnanmıram ki, Azərbaycan dövləti "Trendyol”a qarşı hansısa addımlar atsın”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov deyib. Əkrəm Həsənov hesab edir ki, əgər Azərbaycan "Trendyol”u bağlasa, o zaman şirkət məhkəməyə müraciət edəcək:
"Trendyol” onlayn platformadır. "Trendyol”un bazarında hansı haqsız rəqabətdən söhbət gedə bilər? Belə şey yoxdur, əgər varsa da, bu ittihamı irəli sürən bunu sübut etməlidir. Bütövlükdə məsələyə bu cür yanaşmanı başa düşə bilmirəm. Onların bu açıqlaması ilə razı deyiləm. Bu məsələ araşdırılmalıdır. Əslində, söhbətin kökü belədir: Azərbaycan sahibkarları şikayət edərək bildiriblər ki, "Trendyol”la rəqabət apara bilmirik. "Trendyol” bizim bazarı öldürür”. Və cavab belə olub ki, məsələ belədirsə, "Trendyol”u hansı yolla olursa-olsun, Azərbaycana buraxmasınlar. "Trendyol”u bağlamaqdansa, yaxşı olar, vergi və gömrük siyasətini dəyişsinlər”.
Vəkil bildirib ki, "Trendyol”la bağlı bu çıxış faktiki olaraq əhaliyə qarşıdır:
"Yəni, əhali ucuz olsun deyə "Trendyol”dan alver edir, onlar isə demək istəyir ki, ay camaat, siz niyə nəyisə "Trenyol”dan ucuz alırsınız, elə Azərbaycanın mağazalarından baha alın da. Məsələ budur. Amma bu, düz deyil. Bu açıqlama əhalinin istəyinə qarşıdır. Nəyin necə olmasından asılı olmayaraq, kim hardan istəsə, əyninə paltar alacaq. Paltarı hardan almaq məcburi deyil ki”.
Vəkil qeyd edib ki, bu gün Azərbaycan dövlətinin "Trendyol”la bağlı heç bir tədbiri yoxdur:
"Bunu fikir kimi cəmiyyətə eşitdirdilər, baxmaq istəyirlər ki, görsünlər, əhali buna nə reaksiya verəcək. "Trendyol”un qiymətləri çox sərfəlidir, yaxşı olar ki, bizdə aidiyyatı qurumlar öz siyasətini dəyişsin. Burada başqa məsələ var. "Trendyol” məhsulunu öz qiymətinə satır. Sadəcə olaraq Azərbaycanda vergi, gömrük siyasəti kökündən yalnışdır. Əgər vergi, gömrük tarifləri düz olsaydı, insanların "Trendyol”dan aldığı paltarlar Azərbaycanda 3 qat baha satılmazdı. Bu gün "Trendyol”dan ən çox sifariş edilən geyim məhsullarıdır. Həmin paltarlar Azərbaycanda çox bahadır. Bu gün insanlar Türkiyəyə nəyə görə gedir? Özlərinə paltar, tekstil əşyaları alsın deyə. Keyfiyyətli və ucuz... Siz də elə gömrük qiyməti qoyun ki, əhali həmin məhsulu burdan alsın. Türkiyə məhsullarının qiyməti Azərbaycanda çox bahadır. Əgər vergi və gömrük  qiymətləri az olsa, onların siyasəti düz olsa, həmin məhsullar Azərbaycanda ikiqat qiymətə satıla bilməz”.
Milli Məclisin deputatı Vüqar Bayramov isə Qaynarinfo-ya bildirib ki, "Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz:
"Bu gün "Trendyol” satış şəbəkəsindən vətəndaşlarımızın istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşının açıqlması ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdim ki, qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir. Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən "Trendyol”dan mal sifariş edə bilər.
Haqsız rəqabətə gəldikdə isə, rəqabəti qadağalar ilə müdafiə etmək rasional yanaşma deyil. Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, "Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədəuyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb".
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda elmi konfransda çıxış edib. O, konfransda Türkiyənin onlayın platforması sayılan "Trendyol"u ittiham edib: "Trendyol”un Azərbaycana, xüsusilə Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimalları, rəqabət narahatlıqları yarana bilər”.
Bir qədər əvvəl isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bununla bağlı məlumat yayıb. Məlumatda deyilir:
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən, onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı  ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil. 
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur. 
Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər".
Bahar Rüstəmli