"Doğulan uşaqlar arasında cins balansının düzəlməsi üçün qadın və qızların təhlükəsizlik məsələsini birinci plana çıxartmaq lazımdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova deyib. Sədr bildirib ki, kifayət qədər stereotiplərlə mübarizəni kəskinləşdirmək və gücləndirmək lazımdır:
"Niyə dünyaya qız uşaqları az gəlir? Ona görə ki, qız və qadınlarla bağlı stereotiplər güclənib və eyni zamanda təhlükəsizlik məsələsi əhəmiyyətli dərəcədə vacibdir. İlk növbədə buna diqqət yetirmək lazımdır. İctimai rəydə qadın və qızlar haqqında yaxşı müzakirələri daha çox paylaşmaq və geniş təbliğat aparmaq, hətta problemlərdən çox uğurlardan danışmaq lazımdır. Bir rəqabət hissi yaratmaq tələb olunur”.
Sədr hesab edir ki, qızlar üçün müəyyən sosial proqarmların sayını artırmaq və əlçatan etmək lazımdır:
"Rayon yerlərində qızlar üçün mədəni və sosial proqramlar gücləndirilməlidir. Bu proqramlara qızların cəlb edilməsi, onlar üçün normal mühitin formalaşması, təhsil ocaqlarının sayının artırılması və s. Bəzən vəziyyət kəskinləşəndə hətta maddi dəstək proqramlarını artırmaq lazımdır. Qızlarla bağlı təhsilin inkişafında rol oynayan stimullaşdırıcı proqramlara üstünlük vermək lazımdır. Belə olarsa, ailələr qız uşaqlarının dünyaya gəlməsində maraqlı olacaq”.
Mehriban Zeynalovanın fikirincə, bu məsələnin həllində yol mədəni faktorların sayının çoxalmasından keçir:
"Qız və qadınları elə proqramlara cəlb etmək lazımdır ki, özü öz təhlükəsizliyi barədə düşünsün. Abort halları da azalıb, amma bu gün dünyaya qız uşaqları gətirmək istəmirlər”.
Qeyd edək ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında doğulan uşaqlar arasında cins balansının pozulması hallarının qarşısının alınması ilə bağlı tədbirlərin gücləndirilməsi məsələsi də yer alıb.
Hesabatda bildirilib ki, Azərbaycanda doğulan uşaqların cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir. 2024-cü ildə doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq əvvəlki illə müqayisədə azalıb, 7008-dən 6132-yə düşüb.
Belə ki, 2024-cü ildə 102 min 310 nəfər doğulan körpənin 54 min 221-i oğlan, 48 min 89-u isə qız uşaqlarıdır. Doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq 6132 nəfərdir.
Bahar Rüstəmli
Şərhlər