Yığmanın reytinqdə geriləməsi, son oyunlardakı uğursuzluqlar, uzun müddətdir qələbə görə bilməməyimiz, təbii ki, ölkə futbol ictimaiyyətini üzür. Üzüntüsünü açıq şəkildə bildirənlərdən biri də yığmamızın sabiq üzvü Rəşad Abdullayevdir.
Hazırda "Neftçi”nin U-19 komandasında məşqçi kimi çalışan sabiq yarımmüdafiəçi Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:
"Hamımız futbol adamıyıq. Keçmişdə futbolçu olmuşuq, bu gün məşqçi kimi uşaqlarla işləyirik. Gələcəkdə milli səviyyəsində futbolçu yetişdirməyə çalışırıq. Bu gün millinin məğlubiyyəti hamımıza təsir edir. İstəmirik uduzsun. Komandanın nailiyyətlər qazanmasını istəyirik. Latviya, ondan əvvəl Maltaya məğlubiyyətə görə məyus olduq. Məsələnin nə olduğunu məşqçilər və oyunçular daha yaxşı bilər. Belə baxanda açıqlanan heyət yaxşıdır. Hamısı üzdə olanlardır. Nəticələr yoxdur. Bu gün dünya futbolu da inkişaf edir. Çalışmalıyıq ki, biz də onların səviyyəsinə çataq. Niyə geri qalırıq? Əsasən akademiyalara fikir vermək lazımdır ki, futbolçu yetişsin. Əvvəllər futboçular məhlələrdən çıxırdı. Bu gün biz məşqçilərin üzərinə daha çox yük düşür. Hamımız desək ki, nəsil yetişmir, bu ən asan şey olar. Həqiqətən də indi uşaqlar bizim dövrümüzdəki kimi çox deyil. Potensiallı uşaqlar var, onlarla düzgün işləmək lazımdır ki, həm şəxsiyyət, həm də futbolçu kimi formalaşsınlar. Yeri gələndə bunun üçün şərait də var. Akademiyalarda yaxşı iş qurulmalıdır ki, məşqçilər öz üzərlərində çalışsın. Fubolçu hiss etsin ki, rəqabət var. Biz U-19-dan birbaşa əsas komandaya düşürdük. Bu gün elələri azdır. Çalışmalıyıq ki, bütün problemləri kiminsə üzərinə atmayaq. Çalışıb uşaq yetişdirməliyik”.
Abdullayev baş məşqçiyə yönələn tənqidlərlə bağlı bunları deyib:
"Düzdür, yerli məşqçilərin dönəmində, klub səviyyəsində çempionluqlarımız da var. Avroliqa, Çempionlar Liqasında oynayan komandamız var. Bu gün xarici məşqçiyə güvənirlər. O da istəmir ki, nəticələr pis olsun. Məşqçinin işini hansısa şəkildə dəyərləndirməyim düzgün olmaz. Federasiya hansı baş məşqçi ilə istəyirsə, onunla yollarını davam etdirir. Seçim budursa, milli yığışıb xalqımızı sevindirməlidir. İrəliləyiş deyəndə, təzə başlayanda fərqli-fərqli oyunçular çağırılırdı. Seçim çox idi. Sonuncu toplanış üçün tam optimal heyət yığılmışdı. Milli səviyyəsində oynayan bütün futbolçular orada idi. Kənrda qalan uşaqlardan hamı dəvət almışdı. Baş məşqçinin işini media və mütəxəssislər də qiymətləndirir. Qələbələr çatmır. Yoldaşlıq oyunu olsa belə, qələbə lazımdır. Komandanı motivasiya edib, yaxşı yerə gətirib çıxarmaq lazımdır”.
"Baş məşqçini dəyişmək çıxış yolu ola bilərmi” sualına sabiq futbolçu belə cavab verib:
"Dəqiq nəsə deyə bilmərəm. Buna qərar verənlər var. Hazırda mən cavan mütəxəssis sayılıram. Heç vaxt xoşlamamışam ki, hansısa baş məşqçinin işinə qiymət verim. Yaşım da o yaş deyil. Gələcək oyunlar onu göstərər”.
Abdullayev öz oynadığı dönəmdəki yığmanı indiki ilə müqaysə edib:
"Fərq böyük idi. Bəzən olurdu ki, heç mən də milliyə çağırılmırdım. Çünki seçimlər çox idi. Bir mövqedə demək olar, üç futbolçu vardı. Çempionatın səviyyəsi də başqa, klubların sayı da çox idi. Məşqçilər rahat seçim edirdilər. Bu gün zəif saydığımız ölkələr yaxşı futbol oynamağa başlayıblar. İstər-istəməz onlarla ayaqlaşmaq lazımdır. İndi millidə oynayanların yaşı da keçir. Bir azdan gedəcəklər, başlayacağıq axtarmağa. Onların yerinə də U-21-dən, U-19-dan yaxşı futbolçular seçib göndərməliyik. Hər yaş qrupundan ən azı 3 oyunçu çıxsa, bu, tapıntı olar. Onları ölkə xaricinə də göndərə bilərik. Mənim oynadığım dönəmdə elə komandalar vardı ki, ancaq cavanların xidmətindən yararlanırdılar. Əsas da oyun praktikasıdır. Belədə futbolçu daha çox inkişaf edir. Mən U-19-da işləyirəm. Görürəm ki, hamısında oyun praktikası çatışmazlığı var. Hansı ki, "artıra” bilərlər”.
Abdullayev milli komandaların məşqçiləri ilə əlaqəli işlədiklərini bildirib:
"Gəlirlər, baxırlar, maraqlanırlar. Əlqələrimiz var. Bu gün uşağı həm də şəxsiyyət kimi yetişdirmək lazımdır ki, "futbolçu” anlayışının nə olduğunu mənimsəsin. O vaxt məhlədən də futbolçu dəvət edəndə görürdün ki, normal oynayır. Bu gün hərtərəfli işləmək lazımdır”.
Məşqçi Nazarovsuz, İsrafilovsuz və digər gəlmə futbolçular olmadan da milli formalaşdırmağın mümkünlüyünü deyib:
"Bəlkə də məhz belə olacaq. Millətlər Liqasında üstünlüyü U-21-in oyunçularına və digər yerlilərə verəcəklər. U-21-in oyunlarına baxdım. Neçə futbolçu artıq əsas milliyə namizəddir. Bəlkə də Millətlər Liqasında tam başqa heyət oynayacaq. Tam gəncləşmə də olmayacaq axı. Çempionatda üzdə olan futbolçular dəvət alacaq”.
Sabiq futbolçu Millətlər Liqasındakı şanslarımızı belə dəyərləndirib:
"Hamısı dişimizə görə olan rəqiblərdir. Amma bu gün güclü-zəif komanda yoxdur. Düzdür, indi də top-yığmalar var. Amma qalanları arasında elələri var ki, bəzən özündən qat-qat güclü rəqibləri məğlub edir. Məsələn, Makedoniya İtaliyanı məğlub etdi və onların Dünya çempionatına getməməsinə səbəb oldu. Qrupumuzdakılar postsovet komandalarıdır. Yaxşı hazırlaşmaq lazımdır. Hansı ki, vaxtilə Bakıda və ya rəqib meydançasında güclü komandalara qarşı yaxşı oyun göstərmişik”.
Səbuhi Həsənov