Xəbər lenti

Azərbaycanda özəl baytarlıq xidmətinə keçilsə... - Mütəxəssis
Ekonomiks05:43 02.09.2021

Azərbaycanda özəl baytarlıq xidmətinə keçilsə... - Mütəxəssis

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əslində mövcud vəziyyətdə hökumət bu sahəyə diqqət və qayğını hələ ki, artırmalı, məsələni öz üzərinə götürməli idi. Həmçinin çoxsaylı peşəkar kadrlar hazırlamalıdır. Amma görürük ki, bunun əksini edir, yükü öz üzərindən götürərək, onu imkansız kəndlilərin üzərinə atır”.
Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Azərbaycanda özəl baytarlıq xidmətinə keçidin verə biləcəyi nəticələrdən danışarkən deyib. 
Ekspertin fikrincə, belə yanaşma heyvandarlıq sahəsində mövcud olan problemləri həll etmək əvəzinə, daha ciddi problemlər yaradacaq: 
"Belə səthi yanaşma doğru deyil və həmin sahədə problemdən çıxış sayıla bilməz, əksinə daha ciddi problem yaradacaq. O da bəllidir ki, son 15-20 ildə bu sahədə ölkədə peşəkar mütəxəssislər hazırlanmayıb. Peşəkar mütəxəssislərin əksəriyyəti sovet dövründən işləyənlərdir. Gənc mütəxəssislərə isə qayğı göstərmədən onları bu sahəyə cəlb etmək mümkün olmayacaq. Mal-qara arasında əvvəllər olmayan kifayət qədər xəstəliklər yayılıb. Baytar həkimlərin bəzi xəstəliklərlə mübarizədə aciz olduqları üzə çıxıb”. 
V. Məhərrəmov bildirdi ki, heyvandarlıqla məşğul olanların özəl baytarlıq xidmətinə görə ödəniş etmə imkanları yox səviyyədədir: 
"Ölkədə hər inəkdən ortalama 1 ton 300 litr süd alınır. İsraildə bu göstərici 13 ton, inkişaf etmiş ölkələrdə 9-10 tondur. Azərbaycan sahibkarlarına maliyyə resursları yalnız yem məhsullarını ödəməyə kifayət edir. Belə olan halda, fermerlər baytara yaxşı ödəniş edə bilməyəcək”. 
Həmsöhbətimiz düşünür ki, atılan addım baytarlar arasında rəqabət mühiti də yaratmayacaq: 
"İndiki halda özəl baytarlıq xidmətinə keçməklə baytarlar arasında rəqabət mühitini yaratmaq mümkün olmayacaq. Məsələn, Şəmkirdə 30-a yaxın baytar həkim var ki, onların da hər biri bir kənddədir. Mal-qara sayı çox olduğundan belə vəziyyətdə az sayda baytar həkimlə rəqabət mühiti yaratmaq mümkünsüzdür”. 
Rüfət Sultan