"Almaniya Dağlıq Qarabağ münaqişəsini daha da gərginləşdirmək mövqeyi tutur".
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vahid Əhmədov Almaniya Bundestaqının qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etməsinə münasibət bildirərkən deyib.
Vahid əhmədov sözlərinə görə, Almaniyada 3 milyondan çox türklər yaşayır və xeyli sayda azərbaycanlılar da var: "Amma Almaniya Bundestaqında ermənipərəst deputatlar var. Almaniya dövləti gözlənilməz qərarları ilə seçilir. Çünki belə halda bu qərarın çıxarılması ümumiyyətlə gözlənilməz oldu. Minsk Qrupunun üzvlərindən biri kimi onlar bu qətnaməni qəbul etməməliydilər. Almaniya Dağlıq Qarabağ münaqişəsini daha da gərginləşdirmək mövqeyi tutur. Halbuki münaqişənin sülh yolu ilə həllinə çalışmalıdırlar".
Deputat bildirib ki, bu qətnamə ilə bağlı Almaniya kansleri Angele Merkel də öz münasibətini bildirməlidir: "Merkel ümumilikdə ermənilərin tərəfdarı deyil. Hətta ermənilərin əleyhinə olan ifadələr də işlətmişdi. Amma hadisələrin necə cərəyan edəcəyini zaman göstərər. Biz Almanlarla daha çox işləməliyik ki, belə hadisələr təkrarlanmasın".
Vahid Əhmədov qeyd edib ki, Milli Məclisdə müzakirələr zamanı bu məsələyə toxunulacaq, deputatlar öz mövqeyini bildirəcək: "Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi də öz mövqeyini bildirəcək. Dünyada hazırda elə bir vəziyət yaranıb ki, bəzi dövlətlər qondarma "erməni soyqrımı"nın tanınmasına gedirlər. Bilərəkdən gedirlər ki, Türkiyə kimi güclü bir dövləti zərbə altında qoysunlar. Türkiyə inkişaf edən güclü bir dövlətdir. Türkiyəni parçalamaq mövqeyindən çıxış edən dövlətlər var. Ona görə də belə addımlar atırlar. Bütün bunlara baxmayaraq, Azərbaycan və Türkiyə bir yerdədir. Bizim arxamızda Türkiyə, onların arxasında da Azərbaycan dayanıb. Biz hər zaman bir-birimizi müdafiə edəcəyik".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az