Xəbər lenti

Azərbaycanın çax-çuxçu ailə partizanları
Aqşin YENİSEY
Ölkə07:30 06.07.2021

Azərbaycanın çax-çuxçu ailə partizanları

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aqşin Yenisey
Ailə-cəmiyyət-mədəniyyət "paslaşmasında” topu əvəz edən fərd "oyunda” hansı zərbələrə, deformasiyalara məruz qalır? Ailə onu, bu yuvarlaq olmayan canlı topu meydana daxil edərkən cəmiyyətin, cəmiyyət isə mədəniyyətin ayağınamı ötürür, başınamı? Necə olur ki, dünyaya tək gələn, onu yaradanın tək olduğuna inanan və gec-tez tək öləcəyinə əmin olan bir varlıq özünü dərk edən kimi sürüləşməyə meyillənir? 
Ya Həzrəti Abbas! 
1919-cu ilin çiskinli payız günlərində ABŞ-dan Avropaya gələn gəmidə 22 yaşlı tək-tənha bir oğlan vardı. Geyimindən tələbəyə, baxışlarından casusa, portfelindən bankirə oxşayırdı. Gənc adam Rotterdam sahillərində gəmidən enib Vyanaya gedən qatara tələsdi. Pulu az olduğu üçün ümumi vaqona bilet aldı. Qatarda onunla üzbəüz iki adam oturmuşdu: biri üst-başı kirli, nəfəsindən vaqona içki qoxusu yayılan, əlləri və sifəti küçələrdə gecələməkdən şişib qaralmış, balıq kimi ölü baxışlı bir alman idi, o birisi isə hələ milliyyətini büruzə verəcək qədər böyüməmiş, səliqə ilə geyindirilmiş, qaşqabaqlı çöhrəsi olan uzunduraz bir uşaqdı. Əyyaş alman yarıyolda qatardan endi. 22 yaşlı amerikalı qonaq uşaqla söhbət etmək üçün onu qarşısına, bayaqdan pinti almanın oturduğu yerə dəvət etdi, ancaq uşaq o pis adamın yerində oturmaqdan boyun qaçırdı. Qonaq səbəbini soruşduqda uşaq: "Anam belə tapşırıb”, - dedi. 
Qatardakı 22 yaşlı adam gələcəyin böyük psixiatrı Qordon Olport idi və Vyanaya Freydlə tanış olmaq üçün gedirdi. O, Freydlə görüşəndə qatarda şahidi olduğu bu əhvalatı məşhur psixoanalitikə danışdı və fobiyaların valideynlər tərəfindən uşaqlara öyrədildiyindən şübhələndiyini dedi. Freyd diqqətlə qulaq asdıqdan sonra yalnız bu sözləri söylədi: "O uşaq sən özünsənmi?”
Umberto Eko məşhur xristian teoloqu Foma Akvinskinin ruhun insana valideyinlərdənmi ötürüldüyü, sonradanmı yarandığı haqqında fikirlərini şərh edən "Cənnətdə embrionlara yer yoxdur” adlı essesində insanın doğuşunda valideynlərin, sadəcə, mexaniki iştirak etdiyini, doğuşa qədərki prosesin tamamilə tanrının nəzarətində olduğunu, ata və ananın yalnız doğuşdan sonra övladlarına təsir göstərmək imkanı qazandığını yazır. Yəni doğuşdan sonra tanrı insanı tərk edir, onun taleyinin yüyəni ailənin əlinə keçir. Uşağın gələcəkdə müstəqil düşüncəli fərd, yoxsa kütlə insanı olmasının təməli də çox güman ailədə qoyulur.     
Qordon Freydlə olan bu görüşündən çox-çox sonralar dünya psixiatriyasında Freydizmin inkarçısı kimi tanındı, xüsusilə kütlə psixologiyası mövzusunda Freydin kütlə şüuru anlayışını rədd edərək modern sosial psixologiyanın əsasını qoydu. Olport iddia edirdi ki, kütlənin davranışlarında şüur, demək olar ki, iştirak etmir, kütlələr tamamilə duyğuları ilə hərəkət edir və qərar verirlər. O, bunu dörd bəndlik bir izahla sübut etməyə çalışırdı ki, mən indi bu izahı "Vaqifin şirin dilinə” çevirməyə cəhd edəcəyəm:
1. Kütlələr həmişə təhrik olunmağa hazır və emosional vəziyyətdədirlər; biz öz xəlqi dilimizdə desək, "çırtma vursan, qan damar” vəziyyətdə. Fərd təkbaşına qalanda bu vəziyyətinə nəzarət edə bilir, elə ki, oxşamışlarına qoşuldu, yüyəni əldən verir. 
2. Kütlələr təlqinə meyilli və tez inanandırlar. Bu, onların özlərinə sosial-ictimai kimlik əldə etmək tənbəlliyindən irəli gəlir. Oturduqları yerdə onlara təklif olunan qabaqcadan hazırlanmış şiə, sünni, ateist, müxalifətçi, iqtidarçı, dissident mühacir, azad jurnalist, feminist, canım sənə desin, kosmopolit, qlobalist kimliklərini qazanaraq, böyük qrupların üzvü ola bilirlər. Yetər ki, təlqinə uysunlar, təqlid etsinlər, deyilənlərə şəkk gətirmədən inansınlar. Karvan gördün, cum, aslan gördün, qaç. Hazır kimlik əldə etmiş fərdlərdən ibarət kütlələrin potensial cinayətkar olmaqla yanaşı, potensial itaətkar olmaq ehtimalları da yüzdə-yüzün üstündədir. 
3. Kütlənin duyğuları fanatik və bəsitdir. Kütlə insanı doğrunu və yalanı bir-birindən ayırmaq üçün özündə heç bir əxlaqi məsuliyyət hiss etmir, çünki o tək deyil, kütlə hansı qərarı verəcəksə, o da ona uyğun hərəkət edəcək. "El ilə gələn dərd toy-bayramdır” təsəllisi. Düzünə qalsa, o, elə əxlaqi məsuliyyətin yükünü çəkməmək üçün başını başlara qatıb. Onun təmsil olunduğu kütlədə hər kəs belə düşünür, ya bu dağınıq xor bağırıb-çağırıb özü bir səs boyunca düzüləcək, ya da mütləq haradansa əli çubuqlu bir dirijor peyda olacaq. 
4. Təbiət etibarilə heç bir kütlə xeyirxah deyil, əksərən təcavüzkar və mühafizəkardırlar. Duyğuların da sadələşdirilmiş, bəsitləşdirilmiş, məntiqdən tamamilə arındırılmış olanına inanarlar. Onlar üçün iki rəng var: ağ və qara. Ona görə də mütləq həqiqətlərdən yola çıxar və mütləq xətalar törədərlər. İki şəxs müzakirə edib ortaq məxrəcə gələ bilər, kütlələr isə heç vaxt müzakirə etməzlər. Onlar babalarının kor nəvələridir.
Olportun kütlə və kütlə insanına verdiyi xarakteristika aşağı-yuxarı burada yazdıqlarımdan ibarətdir. Ümumiyyətlə, insanların kütləviləşmək ehtiyacı necə yaranır, necə olur ki, tutalım, texnoloji icadlarla gücünə güc qatan müasir insan da tək yox, sürü halında görünmək istəyir? Tanrının tək olduğuna inanan bu varlıq nədən öz yaradanına bu qədər zidd təbiətə sahibdir? 
Demək ki, Darvinin və antropoloqların dediyi, insanın heyvani mənşəyi haqqında fikirlərini insanlar, ən çox da təkamül inkarçıları özlərinin sosial davranışları ilə də təsdiqləyirlər. Kütləviləşmə - heyvani instinktdir. Təbiətlə ünsiyyətdə kütləviləşmə insana qorunmaq, hücum etmək, qida toplamaq üçün lazım idi, ancaq bu gün təbiəti axşamdan-axşama  "National Geographic” kanalından izləyən biri niyə kütlə insanı olmağa can atsın ki? 
Olport deyir ki, müasir insan gizlənmək üçün kütlə axtarır. Yenə xalq dilinə keçək. Yəqin ki, yazıb-oxumağı bacaran hər bir vətəndaş son illər mediada belə bir ifadəyə tez-tez rast gəldiyini təsdiqləyər: "adının çəkilməsini istəməyən filankəs”. Çağımızın kütlə insanı yaşadığı həyatda adının çəkilməsini istəməyən insandır. Kütlə ona anonimlik zəmanəti verir. O, üzvü olduğu kütlənin adından təcavüz edir, söyür, parçalayır və heç bir əxlaqi, vicdani məsuliyyət hiss etmir. O, təkbaşına bunların heç birini etməyə qadir deyil, o, kütlə olaraq üzləşdiyi problemlə təkbətək qalsa, bütün var-yoxunu qorxusundan satın aldığı siçan deşiyinə verər.
Kütlə ona bioloji azadlıq verir, onu yenidən Paleolit dövrünə, günahsız vəhşi olduğu dövrə qaytarır, mağara instinktlərini bərpa edir, onu cəmiyyətin deyil, təbiətin bir parçasına çevirir. Bununla da kütlə insanı günah hissindən arınır, çünki o, vəhşilərin günahsız olduğunu bilir. Sürüləşmə ona günah hissini unutdurur. Güruha, gücə çevrilməklə haqq əldə etdiyini düşünür. Çünki sürü həmişə haqlıdır; qovanda da, qaçanda da. Kütləviləşmə daha çox özgüvəni olmayan, özündən başqa hər şeyə inanmaq istəyən qədim insanlardan ibarət cəmiyyətlərə xas olan arzudur. Kütlə ortaq şəxsiyyəti bölüşən şəxsiyyətsizlərin ittifaqdır. 
Bu gün Olportun kütlə insanı dediyi fərdlər, adətən, üçüncü dünyanın, istehlakçı cəmiyyətlərin nümayəndələridir. O cəmiyyətlərin ki, insanlar orada hazır kimliklər əldə edərək konformist maraqlarını reallaşdırmağa can atırlar. Kütləvi oxşarlıqların verdiyi anonimlik avantajından fərdi mənafelərini gizlincə həyata keçirmək üçün yararlanırlar. Ona görə də iki insan bir yerdə olanda üçüncü sort ölkələrdə təhlükə, inkişaf etmiş dünyada isə yeni bir icad deməkdir. 
Bizim ailə və sosial modelimiz də övladın daha çox kütlədə, cəmiyyətdə gizlənməsinin, yorğana bürünüb (maskalanıb), el ilə (kütlə ilə) sürünməsinin tərəfdarıdır. Amma burada əsas məsələ sürünmək deyil, bürünməkdir, bürünüb altdan-altdan şəxsi mənafeyi güdməkdir. Odur ki, evlərimizin çoxunda böyüyüb cəmiyyətə buraxılan gənclər Olportun yuxarıda təsvir etdiyi kimi, kütləviləşmədən öz payına düşəni almağa göndərilən ailə partizanlarıdır. Onlar kütlə insanından seçilməmək üçün ona oxşamağa, onu yamsılamağa məcburdurlar. Onlar kollektivləşməni ümumi deyil, şəxsi məqsədləri həyata keçirməyin bir mərhələsi kimi görürlər. Şəxsi məqsədə çatan kimi üzvü olduqları kollektivdən, kütlədən aralanıb onun düşməninə çevrilirlər.
Məsələn, Azərbaycanda kollektiv oyun olan futbol ona görə inkişaf etmir ki, bizim qapıçı da meydana fürsət düşərsə qol vurmaq üçün çıxır. Yəni onu futbolun "çax-çuxu” maraqlandırır. "Çax-çux” azərbaycanlının cəmiyyətdən, kütlədən, dövlətdən oğurlaya bildiyidir.