“Azərbaycanın İranı silahlı münaqişə şəraitində olan dövlətlər kateqoriyasına daxil etməsi təhlükəsizlik qərarıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.
Onun sözlərinə görə, qərar Azərbaycanın İrandakı diplomatik fəaliyyətini yüksək riskli təhlükəsizlik şəraitində həyata keçirilən missiya kimi qiymətləndirdiyini göstərir:
“Bu qərarın arxasında siyasi və təhlükəsizlik mühitinin yenidən qiymətləndirilməsi dayanır. Praktiki baxımdan isə diplomatların təhlükəli şəraitdə fəaliyyət göstərməsinə görə əlavə təminat və kompensasiya mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Azərbaycanın bu qərarını avqustun 30-da ABŞ-ın İranın Lark adasındakı iki raket qurğusuna endirdiyi zərbə ilə birbaşa əlaqələndirmək düzgün olmazdı. Çünki qərarın 1 mart 2026-cı ildən geriyə şamil edilməsi göstərir ki, Bakı İrandakı təhlükəsizlik vəziyyətini son günlər yaranmış problem kimi deyil, ilin əvvəlindən davam edən və diplomatik fəaliyyət üçün xüsusi risk yaradan proses kimi qiymətləndirir. Bu, Azərbaycanın İranla diplomatik münasibətləri məhdudlaşdırdığı anlamına gəlmir. Əksinə, diplomatik kanalın açıq saxlanılması Bakının əsas prioritetlərindən biridir. Sadəcə, həmin münasibətlər artıq təhlükəsizlik riskləri nəzərə alınmaqla idarə olunur”.

Qulamhüseyn Əlibəyli qeyd edib ki, Azərbaycan hələ aprel ayında İrandakı hərbi əməliyyatların dayandırılmasından və iki həftəlik atəşkəsin elan edilməsindən qısa müddət sonra Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edib:
“Lakin fəaliyyət məhdud sayda diplomatik və inzibati heyətlə həyata keçirilirdi. Bu yanaşma Azərbaycanın İran siyasətinin əsas xəttini göstərir – təhlükəsizlik risklərinə baxmayaraq diplomatik kanalı açıq saxlamaq və ikitərəfli münasibətləri hərbi qarşıdurmanın dəyişən dinamikasına qurban verməmək.
Azərbaycan üçün İranla münasibətlər həmişə ikili xarakter daşıyıb. Bir tərəfdən uzun sərhəd, tarixi əlaqələr, iqtisadi münasibətlər və regional layihələr var. Digər tərəfdən isə son illərdə təhlükəsizlik məsələləri münasibətlərdə daha çox ön plana çıxıb”.
Siyasi şərhçi bildirib ki, ABŞ-İran qarşıdurmasının genişlənməsi Azərbaycan üçün də əlavə risklər yaradır:
“Təhlükəni yalnız raket və dron zərbələri ilə məhdudlaşdırmaq olmaz. Müharibənin İran ərazisinə və regiondakı ABŞ hərbi bazalarına yayılması eskalasiyanın coğrafiyasını genişləndirə bilər. Bu isə Azərbaycanın sərhədləri yaxınlığında yeni təhlükəsizlik çağırışlarının yaranması deməkdir”.
Siyasət şöbəsi
Şərhlər