
Eduard Nalbandanyan ölkəsində mədəni irsə münasibətdən danışarkən yenə Azərbaycana qarşı qara yaxmaq vərdişinə sadiq qalıb
UNESCO Baş Konfransının 37 sessiyası çərçivəsində noyabrın 11-də keçirilən ümumi siyasi debatlarda çıxış edən Ermənistanın xarici işlər naziri Eduard Nalbandanyan ölkəsində mədəni irsə münasibətdən danışarkən yenə Azərbaycana qarşı qara yaxmaq vərdişinə sadiq qalıb.
Ermənistanlı nazir çıxışını heç bir fakta əsaslanmayan, böhtan və açıq-aşkar yalanlar üzərində qurmuş, nüfuzlu tribunadan istifadə edərək beynəlxalq ictimaiyyəti növbəti dəfə aldatmağa cəhd göstərmişdir. O, Naxçıvan Muxtar Respublikası ərazisində ermənilərə məxsus xaçkarlar kimi mədəni irsin azərbaycanlılar tərəfindən guya dağıdılması və bu ərazilərə beynəlxalq müşahidəçilərin buraxılmaması kimi cəfəng fikirlər səsləndirmiş, beynəlxalq təşkilatlardan Azərbaycana təzyiqlərin artırılmasını tələb etmişdir.
Köhnə bayatıları səsləndirməkdə mahir olan E. Nalbandanyan Azərbaycanı qonşu ölkələrin min illik tarixini, mədəniyyətini və ənənələrini mənimsəməkdə günahlandırılmışdır.
Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Anar Kərimov cavab hüququndan istifadə edərək, Ermənistan nazirinin qaldırdığı əsassız ittihamlara layiqli cavab vermişdir. Əvvəlcə 300 minə yaxın azərbaycanlının öz tarixi ata-baba yurdu olan Qərbi Azərbaycan, indi isə Ermənistan adlandırılan ərazilərdən zorla çıxarıldığını, Ermənistanın unikal monoetnik bir ölkəyə çevrildiyini diqqətə çatdırmış, sabiq prezident R. Koçaryanın azərbaycanlılar və ermənilər arasında etnik uyğunsuzluğun olması kimi irqçi çıxışlarını xatırlatmış, Ermənistanın bu mötəbər təşkilatın podiumundan mədəni müxtəliflik, tolerantlıq və dialoq haqqında danışmağa mənəvi hüququ olmadığını bildirmişdir.
A.Kərimov Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini həyata keçirdiyini, işğal olunan ərazilərdəki xalqımızın əsrlər boyu yaratdıqları tarixi, mədəni və dini abidləri tamamilə dağıdaraq yerlə-yeksan etdiyini, bu ərazilərdə tarix boyu yaşayan azərbaycanlıların izini və mədəni irsini tam silməyə çalışdığını iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
UNESKO-nun sülh, tolerantlıq, dialoq və qarşılıqlı anlaşma dəyərləri əsasında təsis edildiyini vurğulayan A. Kərimov erməni nazirin bu yüksək beynəlxalq tribunadan istifadə edərək Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsindən, millətlərarası ədavətə və düşmənçiliyə sövq edən çıxışından təəssüf hissi keçirdiyini bildirmişdir. // AzərTAc