
Türkiyədə rüşvət əməliyyatı zamanı həbs edilən iş adamı Rza Zərrabın “Rəis” adlandırdığı iranlı iş adamı Babək Zəncani son hadisələrlə bağlı ilk dəfə açıqlama verib.
Musavat.com-un “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, iranlı milyarder Facebook səhifəsində yazıb ki, biznes fəaliyyətinin heç bir sahəsində qanunsuz davranışı olmayıb.
“Türkiyədəki biznes fəaliyyətimin hamısı qeydə alınıb. Gündəmdə olan istintaqda adı çəkilənlərdən iranlı olması səbəbindən Rza Zərrabdan başqa heç biri ilə tanışlığım yoxdur. Onunla da həyatımda bir neçə dəfə görüşmüşəm”, - Babək Zəncani yazıb.
İranlı milyarder 6 aya yaxındır İranı tərk etmədiyini bildirib. Hazırda Tehranda olduğunu yazan Babək Zəncaninin sözlərinə görə, Rza Zərrabla Antalyada görüşəcəyi barədə xəbərlər həqiqətə uyğun deyil: “Mən tanınan adamam. Qanunsuz yollarda səyahət etmirəm və ya saxta sənədlərdən istifadə etməyim mümkün deyil”.
Babək Zəncani Türkiyədə aşkarlanan külli miqdarda qızıl məsələsinə də aydınlıq gətirib: “Qanadan 1500 kiloqram qızıl almışdım. Bunun 500 kiloqramını Türkiyədə, qalanını isə Dubayda satmağı planlaşdırırdım. Atatürk hava limanında qızılın qaynağı ilə bağlı sənədlər tələb edildiyindən, bu sənədlər Qanadan gətirilənədək təyyarə hava limanında qalıb. Sənədlər gəldikdən sonra təyyarə Türkiyədən ayrılıb”.
“Rza Zərrabın patronu deyiləm. Aramızdakı iş əlaqəsi ümumi ticarət həcmimin 1/1000-i də deyil”, - Babək Zəncani yazıb.
Qaynar.info