Bakı Metropoliteni sərt qışla bağlı gücləndirilmiş iş rejiminə keçib.
Qaynar.info Metropolitenin saytına istinadən xəbər verir ki, yaxın günlərdə havanın qarlı-şaxtalı, çovğunlu keçməsi səbəbi ilə əlaqədar Bakı metropoliteni xüsusi tədbirlər planının icrasına başlayır. Artıq yol xidmətinin qarla mübarizə qərargahında müvafiq hazırlıq planı yerinə yetirilir.
Xidmətin baş mühəndisi Əhmədağa Ağayev bildirib ki, hazırlıq planının yerinə yetirilməsinə metropoliten rəisi Tağı Əhmədovun hələ yay fəsli ərəfəsində imzaladığı əmrə əsasən hazırlıq başlayıb.
"İdarə rəhbəri özü də bununla əlaqədar, xüsusi yoxlamalar keçirir və son məlumatla bağlı o, son tapşırıqlarını verib. Əmin ola bilərsiniz ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də metropoliten qışın istənilən şıltaqlığına tam hazırdır".
Baş mühəndisin sözlərinə görə, yay dövründə qarla mübarizə sahəsi üçün lazım olan bütün avadanlıqlar, ləvazimatlar alınıb, sahələrdə təmir-bərpa işləri yerinə yetirilib.
Qışın ən çox təsir etdiyi sahələr metropolitenin açıq hava şəraitində olan "Nərimanov" elektrik deposunun yollarıdır. Ə.Ağayev qeyd edir ki, metropoliten rəisinin tapşırığına əsasən, yayda qarla mübarizə sahəsinin avadanlıqları əsaslı şəkildə yenilənib:
"Üfürücü qurğuların dəyişdirilməsi vaxtı yetişib. Hətta xidmətin təklifinə əsasən, üfürücü qurğular tam yenilənməklə onların imkanları artırıb. Bu xüsusda kranların sayı artırılıb. Əvvəl hər üfürücü qurğuya bir neçə yüksək təzyiqli şlanq qoşulurdusa, indi hər qurğunun öz şlanqı var. Nəticədə, onların daha məhsuldar və səmərəli işləməsi təmin edilib. Bununla sığortalı təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Digər yandan, işçilərin əmək şəraiti də yüngülləşməklə asanlaşıb".
Qarla mübarizədə əsas rolda olan yol xidmətinin iki saylı distansiyasının rəisi Amil Nəsirov bildirib ki, tədbirlər planına uyğun olaraq, bütün üfürücü qurğular təftiş edilib:
"Eyni zamanda, qərargahdakı bütün avadanlıqlar, ləvazimatlar, geyim dəstləri, məişət əşyalarının hamısı tələbata uyğun olaraq, yenilənib. İsitmə sistemi ən yüksək səviyyədə təmin edilib. Geyim dəstlərinin quruducularının sazlığı da təmin edilib. Bir sözlə, heç bir problem olmayacaq".
Amil Nəsirov hava şəraiti ilə əlaqədar artıq bütün işçilərə xəbərdarlıq edildiyini və müvafiq növbətçi siyahılarının da hazırlandığını bildirib:
"Hava şəraiti ilə əlaqədar artıq gücləndirilmiş iş rejiminə keçmişik. Bununla əlaqədar gecə növbələri təyin edilib və işçilərə göstərişlər verilib. Eyni zamanda, ilk dəfə qarla mübarizədə iştirak edəcək işçilərə xüsusi təlimatlar verilib, praktiki məşğələlər aparılıb".
Yol xidmətinin baş mühəndisi bildirib ki, hava şəraitindən asılı olaraq, digər xidmət və sahələrdən də müvafiq işçilərin ayrılması ilə bağlı tədbirlər planı da təsdiq edilib:
"Qarlı-çovğunlu günlərdə 2 saylı distansiyaya həm birinci distansiyadan, həm də yolun vəziyyətinə və diaqnostikasına nəzarət sahəsindən qatılacaq işçilərin siyahısı hazırlanıb. Metropoliten rəhbərliyi digər xidmətlərə müvafiq tapşırıqlar verib və onlar da tədbirlər planına uyğun işlərini tamamlayıblar. Həmin vaxt işçilərin növbəli istirahəti, qidalanması, bir sözlə bütün məişət tələbatının ödənməsi üçün lazım olan məsələlər tam həllini tapıb. Bildiyiniz kimi, belə günlərdə metropoliten rəhbəri Tağı Əhmədov qarla mübarizə qərargahında özü də olur və təşkilati işlərə yaxından kömək edir. Bu mənada hər hansısa problemin həlli üçün elə də böyük səy göstərməyə ehtiyac qalmır. Bütün sərnişinlər əmin ola bilərlər ki, metropoliten istənilən hava şəraitində nümunəvi xidmət göstərəcək".