
Artıq uzun müddətdir ki, Bakı-Quba avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində təmir-bərpa işləri davam edir.
Avtomobil yolunun Bakı istiqamətinə doğru 1 km-lik ərazisində aparılan təmir işləri həmin istiqamətdə hərəkət edən maşınların bir zolaqdan hərəkət etmələrinə səbəb olub. Bu səbəbdən tıxac qaçılmaza hala gəlir. Yol təmirinin dekabrda bitəcəyi açıqlansa da, təmir işləri hələ də davam etdirilir. Gündəlik bu yoldan istifadə edən sürücülər isə işlərin nə zaman bitəcəyini gözləyirlər.
Məsələ ilə bağlı "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Qurum rəsmisi Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, həm hava şəraiti, həm də maddi problemlərlə əlaqədar yol təmirinin bitməsi yubanır:

"Yol təmirinin gecikməsinin əsas səbəbi hava şəraiti ilə əlaqədardır. Maddi problemlər də işlərin vaxtında bitməsinə maneələr yaratdı. Yanvar ayında təmirin başa çatdırılması mümkün olacaq".
Pərvin Zeynal
Qaynarinfo.Az