"Parkı şumlayıb yerində göydələn tikirlər. Uzun illərdir burada yaşayırıq, binamızın qarşısındakı bu park uşaqlarımızın, özümüzün istirahət məkanımız olub. Kimsə pullu birisi çıxıb, bu boyda binaların sakinlərinin istirahət yerinə qənim kəsilib".
Bunu "Azadlıq" qəzetinə Yeni Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsi, 33 saylı binanın sakinləri deyib. Onların deməsinə görə, "Həzi Aslanov" metrosunun yaxınlığında yerləşən parkda neçə gündür iş gedir.
Bina sakini Nizami Əsədovun dedikləri: "Bir səhər oyandıq ki, parkdakı idman qurğularını, yelləncəkləri yerindən qoparıb atıblar kənara. Təsəvvür edin ki, biz bir ay bu özbaşınalığı edən şirkətin adını, kimə məxsus olmasını aydınlaşdırmağa çalışdıq. Bu gün bir qrup fəhlə gəlir, sabahı gün başqa bir qrup fəhlə... İş icrasının adını da öyrənə bilmirdik. Nəhayət, verdik məhkəməyə. İşi dayandırdılar. Gördük iş dayanıb, biz də şikayətimizin dalınca getmədik. İki aydan sonra gördük ki, yenə tökülüşüblər əraziyə. Yenə ağır texnikaları gətirdilər, başladılar davam etməyə. İş orasındadır ki, bunlar təkcə parkla kifayətlənmirlər, binamızın həyətinə də giriblər".
"Azadlıq" ərazidə aparılan şirkətin parkın ərazisində tikinti aparan şirkətin mövqeyini öyrənə bilmədiyi üçün adını açıqlamayıb.
Xətai Rayon İcra Hakimiyyəti isə ərazidəki tikintiyə görə şirkətin müvafiq sənədlərinin olduğunu bildirib.
Hüquqşünas Namizəd Səfərov deyir, tikililər arasında ara məsafələr haqqında qanunvericiliyə görə, bina və ya qurğunun ara məsafələri kimi müəyyən edilən torpaq sahəsi bütün hallarda nəqliyyat yolunun üstündə olmalı və ya nəqliyyat yoluna (nəqliyyat keçidinə) çıxışa malik olmalıdır. Yəni iki bina arasında maşın yolu olmalıdır ki, nə vaxtsa yanğın olsa, yanğınsöndürən maşın ora girə bilsin.
Sakinlərin isə deməsinə görə, yeni tikinti ilə 33 saylı binanın arasında məsafə qoyulmayıb.
Qaynar.info