Elandan göründüyü kimi qiymətlər 40-50 min manata qalxıbBakıda, metronun "Qara Qarayev" stansiyası yaxınlığında, divarda "Böyrək satılır" adlı iki elan yapışdırılıb.
ANS PRESS-in məlumatına görə, bu elanın fotosunun sosial şəbəkədə yayınlandığını nəzərə alıb bu problem haqda bir neçə kəlmə yazmaq istədik. Elandan da göründüyü kimi qiymətlərin 40 və 50 min manat olması, ya bu biznesin qalxmasına, ya da satan adamların təcili pula ehtiyacı olduqlarına dəlalət edir. Əslində isə bu problem üzücü olduğundan o elanları yapışdıranları mühakimə edə bilmərik.
ANS PRESS bu problemin ciddiliyini bildiyindən "Azərbaycanda daxili orqanlarını satmaq istəyənlərin sayı artıb" adlı araşdırma yazı da dərc etmişdi. O yazıda ilk öncə oxuculara belə bir sual ünvanlanmışdı - "Azərbaycanda böyrək və ciyər transplantasiyası nə yerdədir?".
Əməkdaşımızın araşdırması nəticəsində məlum olub ki, qaraciyər köçürülməsi əməliyyatının qiyməti Azərbaycanda 50 min manatdan çoxdur. Qonşu Türkiyəyə üz tutanlar isə hətta 100 min dollarından belə keçməli olur. Statistikaya inansaq, qara ciyər serrozu olan təcili donora ehtiyacı yaranan 7 nəfərdən yalnız ikisinin sonda üzü gülür. Oxşar vəziyyət böyrək çatışmazlığı zamanı da yaranır. Amma bu astarın o biri üzü də var. Bu bazarda yüksək məbləğlərdən söhbət getdiyindən, daxili orqanlarını satmaqla pul qazanmaq istəyənlərin sayı da artıb. Xarici ölkələrə getməyə risk etməyənlər daxildə özləri üçün bazar axtarır. Tanınmış transplantoloqlar etiraf edir ki, onlar hər gün daxili orqanlarını satmaq niyyətilə yanlarına gələn bir neçə nəfəri qapıdan geri qaytarmalı olur.
Hətta bunun üçün elan verənlər də var. Deyilənləri yoxlamaq üçün internetə girmək kifayət edir. Sadəcə axtarış saytlarından birində yazırıq “böyrəyimi satıram”. Nəticəni gözləməyə çox vaxt tələb olunmur. Bir neçə elan qarşımıza çıxır. Müxtəlif qan qrupuna aid vətəndaşlar öz böyrəklərini təklif edirlər. Elanda şəxsin adı və əlaqə saxlamaq üçün mobil telefonu da qeyd olunur. Bir neçəsi ilə əlaqə saxlayırıq və hansı amilin onları bu addımı atmağa sövq etdiyini öyrənməyə çalışırıq. Bir-iki kəlmədən sonra jurnalist olduğumuzu bilib, qarşı təfər gözlənildiyi kimi telefonun dəstəyini asır. Yalnız bir nəfər anonimliyi qorumaq şərtilə, niyə bu yola düşdüyünün səbəbini danışdı.
“Ailəm çox kasıbdır. Məni bu addımı atmağa məhz imkansızlıq vadar edir. Bilirəm ki, bir böyrəyə görə 15 min manat pul qazana bilərəm. Bu pul ən azı bir neçə ay bizə problemsiz yaşamağa kifayət edər”, - deyə böyrəyini satan şəxs əməlini belə izah etdi.
Tibbi ekspert Adil Qeybulla bildirir ki, azərbaycanlıların daxili orqanları ən çox xarici bazara çıxır. Qeyri-rəsmi məlumatlara görə, daxili bazarda böyrəyin qiyməti təxminən 8-10 min Birləşmiş Ştatlar dolları civarındadırsa, İranda bu qiymət 6-15 min, Rusiyada isə 20-30 min dollar həndəvərində dəyişir. Qaraciyərin qiyməti isə bundan dəfələrlə artıqdır. Qanun isə donor orqanlarının alqı-satqısını qəti şəkildə qadağan edir. Xarici ölkələrin təcrübəsində də belədir. Məsələn, Rusiya qanunlarına görə, donorluq yalnız humanist məqsədlə könüllü olmalıdır, pul qazanmaq mənbəyinə çevrilməməlidir...
Qaynar.info