Xəbər lenti

Bakıda daha bir mədəniyyət ocağı sökülür - FOTOLAR
Ölkə17:10 15.08.2015

Bakıda daha bir mədəniyyət ocağı sökülür - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Azərbaycan” kinoteatrı kimi tanınan məşhur bina sökülür. 2011-ci ildə kinoteatrın bağlanacağı ilə bağlı məlumat yayılmışdı. O zaman Səbayel Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov mediaya açıqlamasında həmin binanın özəlləşdirildiyini və təmirə bağlandığını bildirmişdi.
Hər kəs də, binanın müasir standartlara cavab verən bir hala gətiriləcəyini düşünürdü. Amma görünən budur ki, planlar dəyişib. İlk andan yayılan məlumatlarda və prosesdə şübhəli məqamlar var idi. Belə ki, teatr bütün mülkünü satışa çıxartmışdı. Təmir ediləcək bir yerin əşyalarının satılması, buranın təmir üçün deyil, başqa məqsədlər üçün qapadıldığı iddiasını ortaya çıxartmışdı. 
Hazırda binanın böyük hissəsi sökülüb. Və söküntü işləri davam etdirilir. Bir neçə aydan sonra "Burada vaxtı ilə "Azərbaycan" kinoteatrı vardı" deyəcəyik. Digərlərində olduğu kimi...
Hazırda Bakıda yerləşən kinoteatrlardan bir neçəsi daima fəaliyyət göstərir və tamaşaçı problemi yoxdur. Digərləri isə əvvəlcə təmir adı ilə qapadılır. Sonra isə sökülür. Və ya kinoteatrlar bilyard, "paystation" oyun zalları kimi fəaliyyət göstərir. 
"Azərbaycan" kinoteatrı da beləcə tarixdən silinir. Onun yerində isə tam olaraq nəyin inşa olunacağı ilə bağlı informasiya yoxdur. Amma iddialara görə, burada da ticarət mərkəzi inşa ediləcək. Tanınmış biznesmenlərdən biri buranı hərracda alıb və sökdürür. Sökülən kinoteatrın yerində isə yeni bir ticarət obyekti tikdirəcək. 
Amma binanın söküləcəyi haqqında məlumatlar ilk dəfə yayılmağa başlananda, Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən belə bir informasiya yaranmışdı: "“Azərbaycan” kinoteatrı artıq uzun müddətdir ki, Mədəniyyət və Turizm Nazirliyinin nəzdindədir. Obyekt, Azərbaycan Prezidenti İlham Əliyevin sosial obyektlərin özəlləşdirilməsi haqqında fərmanına əsasən özəlləşdirilib, bu binadan yalnız kinoteatr qismində istifadə etmək olar”. 
Lakin bu formada açıqlamalardan sonra vəziyyətin dəyişdiyini də görmüşük. Misal üçün uzun, uzun müddət çayxana və mebel salonu kimi fəaliyyət göstərən "Nərimanov" kinoteatrı sökülərək, yerində ticarət mərkəzi inşa edilməyə başlandı. Hələ də yaddaşlardan silinməyən “Qələbə” kinoteatrının yerində biznes mərkəzi tikildi. Bu sıraya çox kinoteatrı aid etmək olar. 
Bakı sakini Rza Babazadə deyir ki, kinoteatrları sökmək əvəzinə, onları müasir hala salıb, tamaşaçıya təqdim etmək lazımdır: "Ötən gün Rusiyadan bir dostum gəlmişdi. Şəhərdə gəzişən zaman, əlimlə bir yeri göstərib, "Vaxtı ilə" sözünü o qədər çox dedim ki, birdən hər şeyi anladım. Tariximiz qalmayıb. Köhnə olan hər şey, sökülməlidir deyə bir şey yoxdur. Bərpa sözünü bilmirlər? Köhnədirsə təmir etsinlər, müasir tələblərə uyğun hala salsınlar. Amma bizdə hökumət sökməyə üstünlük verir. Həmin yeri isə kiməsə satırlar. Satın alanlar da adi adamlar olmur nədənsə. Deyirlər ki, "özəlləşdirilib. Biz qarışa bilmərik".
Başqa ölkələrdə dövlət əgər bir yerin təmirini, bərpasını üzərinə götürə bilmirsə, həmin yeri hərraca çıxarır ki, biznesmenlər oranı satın alıb, bərpa edib, işlətsinlər. Amma bir şərtlə ki, fəaliyyət dəyişməsin. Və ya binaya ziyan vurulmasın. Bizdə özəlləşdirmə yanlış anlaşılıb. Alırlar, sökürlər və həmin yerdə ticarət, biznes mərkəzi, yaşayış binası tikirlər. Hökumət hər şeyə pul xərcləyir. Lazımlı şeylər isə kənarda qalır". 
Bu binanın yerində nəyin tikiləcəyini dəqiq bilmək üçün bir az gözləməli olacağıq. //musavat.com






Qaynar.info