Xəbər lenti

Bakıda karate klubunda müəllimlə valideyn arasında qalmaqal - İş böyüyür
İdman12:07 30.04.2022

Bakıda karate klubunda müəllimlə valideyn arasında qalmaqal - İş böyüyür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Binəqədi Gənclər Şəhərciyində fəaliyyət göstərən, Azərbaycan Kiokşinkaikan Federasiyasının nəzdində fəaliyyət göstərən karate klublarının birində müəllimin tələbəyə qarşı haqsızlıq etdiyi və aqressiv davrandığı haqda redaksiyamıza şikayət daxil oldu. 
Biz də məsələni araşdırmaq qərarına gəldik. Sözügedən məktədə təhsil alan tələbələrdən birinin valideyni uşağını yarışlara apararkən onun rəqiblərinin açıqlanmadığından şikayətlənib, bilərəkdən yaşca böyük olanlarla döyüşdürüldüyünü və uduzdurulduğunu iddia edib. Bundan başqa o, icazəsi olmadan övladının yarışa aparıldığını deyib. Buna narzılığını bildirərkən isə müəllim tərəfindən aqressiyaya məruz qaldığını deyib. 
Adının yazılmasını istəməyən həmin valideynin Qaynarinfo-ya açıqlaması isə belədir:
"Oğlum 1 ildir ki, Binəqədi Gənclər Şəhərciyində karate ilə məşğul olur. Uşaql il ərzində cəmi bir dəfə yarışa çıxdı. Yeni olduğu üçün bu normal idi. İkinci dəfə yarışa hazırlaşanda anladıq ki, rəqiblər bizə deyilmir. Çəkidən əlavə rəqiblər də deyilməlidir. Uşağımızın kiminlə döyüşdüyünü bilməliyik. Ancaq bu barədə bizə məlumat verilmirdi. Sadəcə, götürüb aparırlar, döyüşdürüb, uduzdurub gətirirlər. Mənim uşağım döyüşkəndir, zəif deyil. Özü də 4-cü sinif şagirdidir. Növbəti yarışda onu 7-ci sinif şagirdi ilə qarşılaşdırdılar. Katibənin oğlu idi. Döyüşdürdülər, nəticəsi 2-ci yer oldu. Bir aydan sonra üçüncü dəfə yarış keçirilməli idi. Uşağımı həmin yarışa yalnız bir şərtlə - rəqiblərin kimliyinin bizə deyiləcəyi halda buraxacağımı bildirdim. Bir neçə gündən sonra uşağın yarışa çıxıb-çıxmayacağı ilə bağlı icazə sənədinə qol çəkməyə çağırdılar. Dedim ki, rəqiblərin kimliyini bilməyincə qol çəkməyəcəyəm. Nə rəqib haqda məlumat verildi, nə də uşaq yarışa aparıldı. Yarışlar zamanı guya öz dürüstlüklərini göstərmək üçün səbətin üzərinə kimin hansı rəqiblə döyüşəcəyini yazırlar. Həmin yazının şəkli Votsap qrupumuzda paylaşılandan sonra gördüm ki, uşağımın da adı oradadır. Yəni qol çəkmədiyim halda uşağın adı yarışa salınıb. Bu da kiməsə avtomatik birinci yer vermək üçündür. Bu səbəbdən müəllimin yanına getdim, narazılığımı bildirdim ki, necə olur, qol çəkmədiyim halda uşağın adı yarışa salınır? Bunu biləndən sonra müəllim coşdu, gurladı, uşağımın qolundan tutub bayıra atdı. Üstümə hücum etdi və hamının içində məni vurmaq istədi. Onun katibəsi valideynləri elə öyrətmişdi ki, bir şey olanda onun tərəfini tutsunlar, heç kim mənim tərəfimi saxlamasın. Onların bütün danışıqlarını telefona yazırdım. Təəssüf ki, telefonu tez söndürdüyümdən müəllimin üstümə yeriməsini çəkə bilmədim. 
Hər ay müəllimə 30 manat pul ödəyirdim. Amma orada imtahanlar, kəmərlər, yarışlar ödənişlədir. Səhər getdim yanına, dedim ki, uşağı məndən icazəsiz yarışa çıxardığınız üçün ödənişimi geri verin. Cavabında söylədi ki, get, hara istəyirsən şikayət elə. Özünə arxayın olan adamdır. Düşünür ki, ona heç kim nəsə edə bilməz. Yəni, hər şey belə olub”.
Məsələ ilə bağlı qarşı tərəfin, Azərbaycan Kiokşinkaikan Federasiyasından lisenziyası olan, valideynin narazılıq etdiyi müəllim, Faiq Xosrovlunun da fikirlərini öyrəndik. O, xanımın şikayətinin əsassız olduğunu və heç bir aqressiya, kobudluq sərgiləmədiyini dedi. Bununla yanaşı, əssasız ittihamlara görə hüquq-mühafizə orqanlarına müraciət ünvanlayacağını bildirdi. Karate müəlliminin də dediklərini nəzərinizə çatdırırıq:
"Tələbənin adını yarışa icazəsiz yazdırmağım və onun qolundan tutub çölə çıxarmağımla bağlı səsləndirilən fikirlər əsassızdır. Bu, mənə atılan şər-böhtandan başqa bir şey deyil. Mən akademik təhsili və pedaqoji stajı olan bir məşqçiyəm. İllərdir ki, bu sahədəyəm. Heç bir tələbəmə qarşı aqressiv davranış və kobudluqdan söhbət gedə bilməz. Bunu tələbələrimdən və onların valideynlərindən də soruşa bilərsiniz. İddia olunan hadisəyə gəlincə, yarışdan bir neçə gün öncə idmançıların çəkisi müəyyənləşir. Xanım öz razılığı ilə oğlunu çəkiyə gətirib. O, hər dəfə çalışırdı ki, yarışdan öncə oğlunun kiminlə qarşılaşacağı ilə bağlı məlumat alsın. Ona bunun yalnız yarış günü elan olunacağını bildirdim. Son məşq günü yarışın yeri və zamanı barədə ümumi elan verildi. Onların isə bu yarışdan imtina edəcəyi haqda heç bir məlumat verilmədi. Siyahıya adı salınan idmançının imtinası barədə məlumat verilməzsə, yarış günü onun adı çəkilir, tatamiyə dəvət olunur. Gəlmədiyi halda qələbə rəqibə verilir. Valideynin narazılığı da bu səbəbdən olub. Arada yaranan anlaşılmazlıq üzündən övladına məşq keçmək istəmədiyimi bildirdim və ödənişini təqdim edib zalı tərk etməsini söylədim. Həmin vaxt məşq zamanı olduğu üçün, oradakı bütün tələbələr və valideynlər bunun mənim dediyim kimi olduğunu təsdiqləyə bilərlər. Xanıma, hər hansı narazılığı varsa, aidiyyatı qurumlara şikayət edə biləcəyini söylədim. Təlimata uyğun davrandığımdan hər hansı etik davranış qaydalarını pozmadığımı əminliklə bildirə bilərəm. İstədiyiniz zaman tələbələrim və onların valideynlərindən də övladları ilə necə davrandığımı soruşa bilərsiniz. Xanımdakı səs yazılarına gəlincə, diqqətlə qulaq assanız, görərsiniz ki, ona və oğluna heç bir kobudluq etməmişəm. Dərs prosesinə mane olduğu, məni bilərəkdən əsəbiləşdirib aqressiya ilə hər hansı bir kobudluq sərgiləməyə təşviq etdiyi üçün zaldan çıxmasını söyləmişəm. Əks təqdirdə hüquq-mühafizə orqanlarına müraciət ünvanlayacağımı bildirmişəm. Bundan əlavə, icazəm, hər hansı hüquqi qərar olmadan səs və görüntümü yaydığı, özünə və övladına qarşı kobudluq göstərdiyimə dair əsassız iddialar irəli sürdüyü və məni açıq şəkildə şərlədiyi üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Əminəm ki, hüquqi tədbir görüləcək. Onu bildirmək istəyirəm ki, məşqçilik fəaliyyəti ilə məşğulamsa, istədiyim tələbəni hazırlayıb-hazırlamamaq mənim ixtiyarımdadır. Bunu heç kim tələb edə bilməz”.
Səbuhi Həsənov