Xəbər lenti

Bakıda niyə "piknik" yerləri yoxdur?
Ölkə06:57 29.07.2017

Bakıda niyə "piknik" yerləri yoxdur?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rəsmi “Azərbaycan” qəzetində Bakının piknik problemi ilə bağlı maraqlı material dərc olunub.

"Qaynarinfo"-nun verdiyi xəbərə görə, öncə pik-nikin tarixi və əhəmiyyətindən söz açılan materialda haqlı olaraq soruşulur:

"Bəs, nədən turizmin əsas növlərindən sayılan “piknik” üçün Bakı şəhərinin ərazisində xüsusi məkanlar ayrılmayıb? Bunun üçün geniş imkanları olan paytaxtımızda təəssüf ki, “piknik”ə qadağalar qoyulub. Paytaxt əhalisi və ya buraya gələn turist “piknik” təşkil etmək üçün ya ən yaxın məsafə kimi Qobustana, ya da Xızıya üz tutmalıdır. Əhalinin böyük hissəsinin məhz paytaxtda çalışdığını nəzərə alsaq, onların işdən sonra belə məkanlarda “piknik” təşkil etməsi daha əlverişli olmazdımı?"

"... Əngəllər yaradılır"

Yazıdan bəzi hissələri ixtisarla dərc edirik:

 "Parklar insanlararası sosiallaşma üçün ideal məkanlardan hesab edilir. Çünki belə ictimai yerlərdə insanlar kollektiv şəkildə dincələ, müxtəlif idman oyunları və “piknik”lər təşkil edə bilərlər. Hətta parklar bir çox ölkələrdə şagird və tələbələr tərəfindən dərs oxumaq üçün də münasib yer kimi qəbul edilir. Xüsusilə də yaz-yay aylarında parklarda çox sayda insan dincəlir.

Son illər Azərbaycanda əhalinin istirahəti üçün yeni parklar, yaşıllıqlar salınır, köhnə parklar isə müasirləşdirilir. Bu, təqdirəlayiq və hər kəs tərəfindən bəyənilən işdir. Artıq Azərbaycanda elə bölgə yoxdur ki, belə parkları olmasın. Ancaq belə yerlərdə nəinki “piknik” etməyə, insanların çəmənliklərdən istifadəsinə belə müəyyən əngəllər yaradılır. Digər ölkələrdə çəmənliklər “piknik”lər üçün insanların istifadəsinə verildiyi halda, Azərbaycanda yasaqlar mövcuddur. Belə ki, qazon ərazilərin üzərində heç bir fəaliyyətə icazə verilmir. Bunun səbəbi kimi isə iqlim şəraiti və parklara çəkilən qazonun tez sıradan çıxması göstərilir. “Piknik” sahələrinin yaradılması üçün isə bulvar ərazisindən, ya da şəhər daxilindəki bağlardan istifadə etmək olmaz. Bundan ötrü müəyyən qədər şəhərətrafı ərazi lazımdır. Şəhərətrafı ərazilərdə isə demək olar ki, artıq boş yer yoxdur...

Təbii ki, parklara çəkilən qazonlar qulluq tələb edir. Səlahiyyət sahiblərinin sözlərinə görə, sonradan yaradılmış çəmənliklərin üstünə çıxdıqda, o sahə tapdalandıqda əzilir, saralır və quruyur. Belə çıxır ki, ayrı-ayrı ölkələrdəki çəmənliklərlə bizdəki çəmənlikər arasında ciddi fərq var?! Bəs, necə olur ki, müasir Bakının simvollarından biri hesab edilən, şəhərin ən müasir memarlıq tikilisi sayılan Heydər Əliyev Mərkəzinin ərazisindəki ot örtüyündə insanlar rahat şəkildə istirahət edir və yaşıllığa heç bir zərər dəymir. Demək, digər parklarda da bu imkanı yaratmaq mümkündür. 

Qazonlara gəldikdə isə hər hansı qadağalar olmadan da onları qorumaq olar. Üzərinə çıxmaq, uzanmaq, qaçmaq mümkün olan xüsusi ot növləri var. Avropa şəhərlərinin parklarında artıq çoxdan idman qazonlarından istifadə olunur. Bu qazonlar adilərindən ağırlığa dözümlülüyü və uzun illər istismar müddəti ilə seçilir. Bir çox meqapolis şəhərlərdə sakinlər və turistlər istədikləri yerdəki otluqda gəzə bilirlər. 

Bütün bunlar bir daha təsdiqləyir ki, parklarımızda mövcud şəraitin daha da yaxşılaşdırılması və qadağaların ortadan qaldırılması mümkündür. Bakının coğrafi mövqeyi “piknik” zonalarının salınması üçün olduqca əlverişlidir və bu böyük vəsait tələb etmir. Xarici ölkələrin praktikasına əsaslansaq, demək olar ki, “piknik” zonalarında istirahət üçün yüksək məbləğdə pul tələb edilmir. Ödəniləcək pul da ərazinin təmizliyi üçün istifadə edilir. Bu, insanlararası sosiallaşmaya müsbət təsir göstərər və paytaxt sakinləri həftəsonu şəhərdən kənara çıxmadan “piknik” istəklərini reallaşdıra bilərlər".

"Qadağanın hüquqi əsası yoxdur"

 "Azərbaycan" qəzeti məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxlayıb. Qurumun Şəhərsalma şöbəsinin müdir müavini Fəxri Aydəmir bildirib ki, istənilən yaşayış məntəqəsinin ərazisində “piknik” üçün yerlər ayrılmır. “Piknik” sahələri ərazi planlaşdırma sənədlərinə əsasən baş plan və ya müfəssəl plan üzrə rekreasiya ərazisində nəzərdə tutulur: “Baş plan işlənilərkən ərazi zonaları müəyyənləşdirilir. Həmin ərazi zonaları Azərbaycanın Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli qərarı ilə müəyyən edilmiş qaydalar əsasında ayrılır. Bunlar 12 zonadan ibarətdir: yaşayış zonası, ictimai işgüzar zona, rekreasiya zonası, istehsalat, nəqliyyat infrastrukturu zonası, mühəndis infrastrukturu zonası, kənd təsərrüfatı zonası, xüsusi təyinatlı zona, hərbi və digər təyinatlı zonalar, xüsusi şərtlərlə istifadə olunan ərazilər, xüsusi qorunan ərazilər və ehtiyat zonalar”. 

Fəxri Aydəmirin sözlərinə görə, baş planın rekreasiya ərazisində əhalinin istirahətinin təşkili, bağlar, parklar, xiyabanlar, meşə parkları, su tutarları, landşaft memarlığı obyektləri, digər turizm istirahət-sağlamlıq yerlərinin təşkili nəzərdə tutulur. Demək, “piknik” sahələrinin yaradılması nəzərdə tutularsa, bu, mütləq rekreasiya zonasında həyata keçirilməlidir. 

Mütəxəssis deyir ki, belə sahələri hüquqi və fiziki şəxslər, yerli icra orqanları yaratmalıdır Onlar ərazinin baş planına baxmalıdır və belə istirahət sahələri üçün yerlər ayırmalıdır. Daha sonra həmin yerdə “piknik” üçün müvafiq infrastruktur yarada bilərlər: “Belə yerləri şəhər ərazisindəki parklarda yaratmaq mümkün deyil. Bu cür parklar mədəni istirahət yerləridir. Təbii ki, heç bir parkda gedib tonqal qalayıb, samovar qaynatmaq olmaz. Bütün hallarda Bakıətrafı ərazilərdə və digər rayonlarda belə “piknik” sahələrini təşkil etmək olar. Sadəcə olaraq paytaxtda belə yerlərin olmamasının səbəbi konkret təşəbbüslərin göstərilməməsidir. İş adamlarının əksəriyyəti yalnız bina tikmək istəyir. Başa düşmürlər ki, binadan da səmərəli biznes layihələri var”.

Bakı şəhəri ərazisində qazon sahələrə daxil olmağa qadağaya gəldikdə isə F.Aydəmir deyib: “Əgər qazon tapdalanıb sıradan çıxırsa, zəhmət çəkib onu yenidən bərpa etməlidirlər. Əgər o ərazi rekreasiya üçün hansısa bir hüquqi şəxsə verilibsə, həmin ərazinin sanitar vəziyyətinə nəzarəti, oranın daim təmiz saxlanmasını təmin etməlidir. Belə ot sahələrinin üzərində gəzməyi, yaxud əyləşməyi qadağan etməyin heç bir hüquqi əsası yoxdur”.

Qaynarinfo.Az