Xəbər lenti

Bakıda rekord qiymətə "Volqa" satılır - FOTOLAR
Ölkə05:52 19.06.2013

Bakıda rekord qiymətə "Volqa" satılır - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Sovet dövründə atam maşını alandan sonra təxminən 10 ilə kimi qarajda saxlayıb. O vaxt ikimərtəbəli ev tikdiyimizə görə, rayon icra hakimiyyətindən bir neçə adam gəlib araşdırma aparmışdı. Atamı sorğu-suala çəkmişdilər ki, bəs necə olub, aldığı maaşla bu evi tikib. Kolxoz sədri olan atam ikinci bir qorxunu hazırda sürdüyüm ”VAZ 2101"i alarkən yaşayıb. Alan kimi qarajda gizlədib. Sonradan da sürməyə çəkinib".

Bu sözlərin müəllifi antik maşın həvəskarı Sabir Rüstəmovdur. Hazırda Bakıda yaşayan müsahibim əslən ağdamlıdır. Sürdüyü “VAZ 2101" markalı avtomobil 1970-ci il istehsalıdır. Dediyi kimi, atası 10 il bu maşını sürməyib və qarajda saxlayıb. 1981-ci ildə maşına oturan ilk şəxs elə Sabir bəy olub. 90-cı illərin əvvəlinə kimi bu maşını sürən antik maşın həvəskarının sonrakı addımı maşını qaraja qapatmaq olub.

“Maşına oturanda o illərə qayıdıram”

Antik maşın həvəskarı Sabir bəy deyir ki, heç bir detalı dəyişilməyən avtomobili ilə Bakıda gəzərkən insanların avtomobilə olan maraqlarını aydın şəkildə görə bilir: “Elə adamlar var ki, gəlib maşınla şəkil çəkdirirlər. Toy edən cütlüklər də mənə müraciət edirlər. Son iki ildə bu maşın gəlin maşını kimi də istifadə olunub. Mənim kimi nostalji həvəskarları kifayət qədər çoxdur. Mən təmənnasız bu maşını bir neçə saatlığa yeni evlənən cütlüklərə verirəm”.

Maşının özəllikləri barədə danışan Sabir bəy deyir ki, idarə etdiyi avtomobil Voljsk Avtomobil Zavodunda istehsal olunan ilk “VAZ 2101" avtomobillərindən sayılır: ""VAZ 2101" avtomobili Voljsk avtomobil zavodu tərəfindən buraxılıb. Kiçik avtomobillər sinfinə mənsub olan bu maşın xalq arasında “01" adlandırılır. Voljsk avtozavodunda ilk "VAZ 2101" avtomobili 1970-ci ildə istehsal olunub. Görünüşünə görə “Fiat 124"ə oxşayır. Amma onların arasında əhəmiyyətli fərqlər var”.

Sabir bəyin sözlərinə görə, istehsal dövründə salon yalnız “kosmetik” modernləşdirməyə məruz qalıb: “Qırmızı rəngli avtomobilin interyeri 70-ci illərin səviyyəsinə uyğun hazırlanıb və o dövr üçün kifayət qədər yaxşı sayılır. Bu avtomobil "VAZ 2101"in çıxması ilə 1988-ci ildə istehsalatdan çıxarılıb".

“Mən həm də ona görə xoşbəxtəm ki, "AvtoVAZ"ın istehsal etdiyi 2.700.000 ədəd “VAZ 2101"in biri mənim həyətimdədir”, - deyən Sabir bəy bu avtomobili istehsal edən Rusiyanın o vaxt avtomobil sənayesində əsl inqilab etdiyini söyləyir.

Bir digər sovet əfsanəsi ilə Bakının qədim “Sovetski” məhəlləsində tanış oluruq. “VAZ 2101" markalı, sarı rəngli avtomobil cəmi 2 min kilometr yol qət edib. 1984-cü ilin maşını alınan gündən qarajda saxlanılıb. Heç bir detalı dəyişilməyib. Maşının sahibi Əhməd kişinin sözlərinə görə, avtomobilin ehtiyat təkəri belə istifadə olunmayıb: "Hər şeyi orijinaldır. 40 min manata satıram. Tez-tez zəng vurub “Mercedes”lə dəyişməyi təklif edirlər. Amma mənə pul lazımdır. Oğluma ev alacam, pulum çatmır. Elə ona görə də satıram. Yoxsa heç satmaram. Nəvəm böyüyüb, verərəm, o sürər".

Növbəti sovet əfsanəsi ilə Qız qalası yaxınlığında tanış oluruq. 1963-cü ilə aid “QAZ M-21" (Volqa) avtomobili həm daxili, həm də xarici görünüşü ilə bizi olduqca valeh edir. Tamamilə yenilənən avtomobilin salonu da müasirləşdirilib. Xarici görünüşünü nisbətən saxlayan bu avtomobilin qiyməti 150 min manatdır. Maşının heç bir çürüyü yoxdur. Avtomobilin mühərrik və daxili dizaynının yenilənməsinə 50 min manat pul xərclənib.

Qeyd edək ki, bu avtomobil “QAZ”ın məşhur “Pobeda” (Qələbə) modelinin davamı olaraq istehsal olunub. Hazırda Badamdardakı maşın bazarında bu avtomobilin daha orijinal variantı 3500 manata satılır. Uzun illərdir avtomobilin istehsalı dayandığından detallarını yalnız Rusiyadakı zavoda sifariş verməklə əldə etmək olur.

Sonda onu deyək ki, son zamanlar başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da retro avtomobillərə olan maraq artıb. Bunu Bakının küçələrində şütüyən retro avtomobillərə əsaslanaraq söyləmək olar.

"Yeni Müsavat"