Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsinin sakinləri yaşadıqları doqquzmərtəbəli yaşayış binasındakı lift problemindən əziyyət çəkirlər.
Bununla bağlı şikayətlərini musavat.com-a danışan sakinlər deyirlər ki, sovet dövründə, ötən əsrin 60-cı illərində tikilən binanın liftləri demək olar ki, istismar müddətini başa vurub və qəzalı vəziyyətdədir: “Elə ay olmur ki, bir ya iki nəfər, qadınlar, azyaşlı uşaqlar liftdə köməksiz vəziyyətdə qalmasınlar. Deyilənə görə, hətta burada dünyasını dəyişənlər də olub”.
Binada yaşayanlar vaxtaşırı pul yığaraq, liftləri təmir etdirsələr də, istismar müddəti bitdiyindən bunun da bir faydası olmur. Nəticədə yuxarı mərtəbələrdə yaşayanlar aylarla piyada qalxıb-enməli olurlar.
Qeyd edək ki, sözügedən bina qəsəbədə hərbi bina adı ilə tanınır. Sovet dövründə bu binanın hərbiçi ailələri üçün tikildiyi iddia edilir.
Sakinlərin problemi ilə daha yaxından tanış olmaq üçün sözügedən binanın yerləşdiyi əraziyə baş çəkdik. Sakinlərin dediyi kimi, liftlər istismar müddətini başa vurmuşdu. Liftin əksər düymələri demək olar ki, işləmirdi, qapının açılıb-bağlanması zamanı da problem yaşanırdı.
Liftin təmirsiz olması bir yana, içərisinin siqaret kötükləri ilə dolu olması, sakinlərin də binaya laqeyd münasibətindən xəbər verirdi. Binanın girişindəki təmizlik problemi də diqqətimizdən qaçmadı. Blokların qarşısı sadə dillə desək, zibilxananı xatırladırdı.
Sakinlər deyirlər ki, bina hərbi bina olduğundan, heç bir mənzil istismar sahəsi bu binaya cavabdehliyi öz üzərinə götürmür. Hər ay əmlak pulu adı ilə sakinlərdən 20-25 manat pul yığılır. Lakin binanın nə kommunal problemlərinə, nə də təmizliyinə heç kim cavabdehliyi üzərinə götürmür. Sakinlər ildə bir neçə dəfə özləri kommunal xətlərini təmir etdirirlər.
Sakinləri liftin işləməməsindən daha çox narahat edən problem isə binanın 9-cu mərtəbəsinə internet provayderlərdən birinin yüksək gərginlikli ötürücü qurğusunun qanunsuz olaraq, quraşdırılmasıdır. Binada yaşayanların sözlərinə görə, böyük bir qəsəbənin internet ötürücüsünün onların binası üzərinə yerləşdirilməsi sağlamlıqlarını ciddi təhülkəyə məruz qoyub.
Sakinlər arasında baş ağrılarından əziyyət çəkənlərin sayı artıb. Dəfələrlə toplaşıb, aidiyyatı qurumlara müraciət etsələr də, hər hansı nəticə verməyib. Hətta bu qanunsuz işin müəllifləri binanın 9-cu mərtəbəsində yaşayan ailələrə 150 min manat pul da təklif ediblər. Bəziləri bunu qəbul etməkdən imtina etsələr də, razılaşanlar da olub, nəticədə ötürücülər yerləşdirilib.
Bakıdakı əksər binalarda yaşanan problemləri dəyərləndirən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı musavat.com-a açıqlamasında bildirdi ki, köhnə yaşayış binalarındakı problemlərin komleks şəkildə həlli üçün dövlət proqramına ehtiyac var: “Liftlərin işlək vəziyyətdə olmasına Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edir. Son illərdə yüzdən artıq binanın liftlərində yenilənmə işləri aparılıb. Sadəcə, sovet dövründən qalma binalarda lift üçün qurulan infrastruktur müasir tələblərə cavab vermir, vaxtaşırı sıradan çıxır. Binalarda yenidənqurma işləri apararkən bu infrastruktur müasir tələblərə cavab verməlidir. Lakin binaların texniki göstəriciləri, şaxtaların ölçüləri bu işi aparmağa imkan vermir. Bu səbəbdən də belə problemlər ortaya çıxır, zaman-zaman insan tələfatı, insanların psixoloji gərginlik yaşaması ilə nəticələnən qəzalar baş verir. Bu məsələnin həlli proqram şəklində hazırlanmalı və həyata keçirilməlidir”.
Ekspert vurğuladı ki, son zamanlar köhnə binaların sökülməsi ilə bağlı mətbuatda xəbərlər gedir: “Yəqin ki, bu məsələlər də yaxın 3-5 il ərzində dövlət proqramına salınacaq və bütövlükdə həmin binalarda tikinti-quraşdırma, infrastrukturun bərpası işləri aparılarkən minimum yaşayış tələblərinə cavab verməsi də yoxlanılacaq”.
Ramil Osmanlı liftlərin istismar tələblərinə cavab verməsi məsələsinə bir çox dövlət qurumlarının da nəzarət etməli olduğunu bildirdi: “Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir ki, liftlərlə bağlı vəziyyəti yoxlasın. FHN əsasən ilkin mərhələdə, yeni quraşdırılan liftlərin istismara verilməzdən öncə yoxlanılmasını həyata keçirir və istismar tələblərinə cavab verib verməməsi ilə bağlı rəy verir. Təbii ki, bu prosesə daxil olan qurum kimi FHN-in də məsuliyyəti var. Ancaq liftlərin alınması, gətirilməsi, quraşdırılması məsələlərini birbaşa olaraq, Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir”.
Yaşayış binası üzərində internet ötürücüsünün quraşdırılması məsələsinə isə Azərbaycan İnternet Forumunun prezindeti Osman Gündüz aydınlıq gətirdi: “Mobil ötürücülərin baza stansiyalarının ötürücüləri şüalanmaya səbəb olur. Bu ötürücülərin müəyyən bir radiusda insan səhhəti üçün ziyanı var. Bu ötürücülər ya çox hündürdə, ya da yaşayış yerlərindən uzaqda quraşdırılmalıdır. Əgər, hər hansı provayder yaşayış binası yaxınlığında şüalanmaya səbəb olan qurğu quraşdırıbsa, o məsuliyyət daşıyır. Bu ötürücülər o zaman yaşayış binasının üzərinə yerləşdirilə bilər ki, xüsusi qurğu ilə bir neçə metr yüksəyə qaldırılsın. Ancaq daha çox yaşayış olmayan yerlərdə qoyulmalıdır. Yaşayış binasının damında internet ötürücüsünün quraşdırılması doğru deyil. Bu ötürücülərin quraşdırılması zamanı da müxtəlif qurumlardan razılıq alınmalıdır. Bu qurumların sırasına isə Gigiyena və Epidemiologiya Mərkəzi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və digərləri daxildir. Ötürücülərin yerləşdirilməsi üçün bu qurumların icazəsi lazımdır. Sizin dediyiniz ərazidə isə bu icazənin alınıb-alınmadığı məlum deyil”.
Qaynar.info